Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov Bakı Slavyan Universitetində (BSU) açıq dərs keçib.
Universitetin Təhsil fakültəsinin I kurs tələbələri üçün təşkil olunan açıq dərs “XX əsrin I yarısında Cənubi Azərbaycanda azadlıq hərəkatı” mövzusuna həsr edilib. Vizual slaydlar və tarixi fotoların müşayiəti ilə keçirilən mühazirədə XIX əsrin ortalarından XX əsrin ortalarınadək Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər və azadlıq mübarizəsinin əsas mərhələləri təhlil olunub. Babilər hərəkatı (1848–1852), Tütün üsyanı (1891–1892), Mirzə Yusif Təbrizinin “Yek kəlmə” əsərində irəli sürülən konstitusiya və parlamentar sistem ideyaları, eləcə də bu proseslərin sonrakı siyasi hadisələrə təsiri diqqətə çatdırılıb. Məşrutə inqilabı (1905–1911) zamanı Səttarxan, Bağırxan, Seyid Həsən Tağızadə və Əli Müsyönün fəaliyyəti, məşrutəçi ruhanilərin inqilabdakı rolu, həmçinin Şimali Azərbaycan ziyalıları və mesenatlarının Cənubi Azərbaycan inqilabçılarına göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs olunub. Bu kontekstdə “Molla Nəsrəddin”, “İrşad”, “Həyat” və “İran-e nov” nəşrlərinin fəaliyyəti, eləcə də “Varlıq” jurnalının milli-mənəvi irsin qorunmasındakı əhəmiyyəti vurğulanıb.
Dərsdə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi 1917–1920-ci illər inqilabi hərəkatı, Pəhləvi diktaturasının paniranizm və assimilyasiya siyasəti, II Dünya müharibəsi dövründə Cənubi Azərbaycanda baş verən hadisələr, eləcə də 1945–1946-cı illər “21 Azər” hərəkatı və onun həyata keçirdiyi milli-demokratik islahatlar haqqında məlumat verilib.
Sonda azadlıq hərəkatları müqayisəli şəkildə ümumiləşdirilib, tələbələrlə interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.