24 noyabr Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür. Çingiz Salman oğlu Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub. 2001–2012-ci illərdə Həzrə kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinə daxil olub.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan Çingiz Qurbanov həmin il dekabrın 29-da Azərbaycan–Ermənistan dövlət sərhədində baş vermiş silahlı insident zamanı hərbi vəzifəsini yerinə yetirərkən şəhid olub. 2017-ci il fevralın 5-də Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Çingiz Qurbanova məxsus şəxsi əşyalar, sənədlər və onun xatirəsinə həsr olunmuş materiallar qorunur. Bunlar arasında qısaqol hərbi səhra köynəyi, pul qabı, qol saatı, hərbi xidmətə çağırış vərəqəsi, ailə üzvlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü əks etdirən fotoşəkil, “Çingiz dastanı” adlı kitab və onun haqqında hazırlanmış buklet yer alır.
Milli Qəhrəmana məxsus qol saatı və hərbi xidmətə çağırış vərəqəsi muzeyin daimi elmi ekspozisiyasının “Zəfər zalı”nda nümayiş etdirilir.
Bu materiallar Çingiz Qurbanovun həyat və xidmət yolunu əks etdirməklə yanaşı, onun xatirəsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Milli Qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.