Şollar Bakı su kəmərinin tarixindən. Bakı, "Elm və Təhsil", 2016. 72 s.
2017-ci ilin yanvarında Bakı şəhərini təmiz, yüksək keyfiyyətli bulaq suyu ilə təchiz etmiş Şollar kəmərinin istifadəyə verilməsinin 100 ili tamam oldu. Altı ilə tikilən bu möhtəşəm su kəməri çoxmilyonlu, nəhəng infrastruktur layihəsi olmaqla yanaşı, eyni zamanda bakılıları uzun onilliklər boyu həyat mənbəyi olan su ilə etibarlı olaraq təchiz edə bilmişdir.
Bütün bu məsələlər oxucuların diqqətinə təqdim olunan “Şollar-Bakı su kəmərinin tarixindən” kitabında öz əksini tapmışdır. Kitabın müəllifləri Bakının su təchizatı tarixinin əsas dövrlərini, XIX əsrin ikinci yarısında irəli sürülən su kəmərləri layihələrini, Şollar su kəmərinin layihələndirilməsi və çəkilməsi tarixini ilk mənbələr, birinci növbədə, arxiv materialları əsasında izləmiş, şəhər rəhbərliyi və ictimaiyyətinin su problemini necə həll etmələri, onun necə reallığa çevrilməsi haqqında dolğun təsəvvür yarada bilmiş, eyni zamanda XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərin ictimai və sosial-iqtisadi həyatından maraqlı faktları açıqlamışlar.
Kitab Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanması təkcə Şollar-Bakı su kəmərinin 100 illik yubileyi ilə əlaqədar deyil. Mövzunun seçilməsi həm də onunla şərtləndirilmişdir ki, muzeyin fondlarında Şollar suyunun tarixinə dair xeyli sayda materiallar qorunub saxlanılır. Məlumdur ki, elmi tədqiqat və mədəni –maarif müəssisəsi olan muzeyin əsas vəzifələrindən biri də öz kolleksiyasını elmi dövriyyəyə gətirməkdən, onu təbliğ etməkdən ibarətdir.
Bu baxımdan məhz həmin materialların araşdırmaya cəlb olunması, sözsüz ki, böyük əhəmiyyət kəsb edir. Muzeyin fondlarında bilavasitə Şollar-Bakı su kəmərinin tarixi ilə əlaqədar kitablar, hesabatlar, eskizlər, arayışlar, vəsiqələr, fotoşəkillər, fotoalbomlar var.