Sərgilər və tədbirlər
25 İyun, 2018
“Ordum varsa, yurdum var!” sərgisi
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Ordum varsa, yurdum var!” adlı sərginin açılışı olub. Sərgi Milli Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunub. Sərgidə hərb tariximizin şanlı səhifələrini əks etdirən unikal materiallar, o cümlədən, eksponatlardan bəziləri ilk dəfə nümayiş olunur.
Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru Mehman Süleymanov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru Nurulla Əliyev, fərdi kolleksioner Yusif Bağırzadə, muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açılış nitqi ilə çıxış edərək, qonaqları salamladı. Azərbaycan Ordusunun 1918-ci ildə, Cümhuriyyət dövründə təməlinin qoyulması, Ordumuzun tarixi, ərazi bütövlüyümüz və işğalçılara qarşı mübarizəsi mövzusunda çıxış etdi. Muzeydə Azərbaycan Ordusunun şanlı tarixini əks etdirən nadir eksponatların gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi baxımından əhəmiyyətini vurğuladı.
Sonra t.e.d. Mehman Süleymanov “26 iyun – Azərbaycan Ordusunun yaradılması günü” mövzusunda, t.e.d. Nurulla Əliyev “Azərbaycan hərb tarixinin öyrənilməsinin vacibliyi” mövzusunda, Muzeyin Arxeologiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanın qədim silahları” kitab-albomu, Muzeyin Elmi fond işləri üzrə direktor müavini, baş muhafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanın Ordusu (1918-1920)” rəsmlər albomu” mövzusunda, Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Əjdər Qafarov “Sərgidə nümayiş olunan döyüşçü rəsmləri – tarixi hərbi uniformaların rekonstruksiyaları” mövzusunda, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov “Muzeyin hazırladığı yeni nəşr – “Azərbaycanda hərbi uniforma tarixindən mövzusunda üç açıqçalar toplusu” mövzusunda, fərdi kolleksioner Yusif Bağırzadə “Şahzadə Abbas Mirzə Qacarın qılıncı” mövzusunda çıxış ediblər.
Sonra Muzeydə Milli Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə yeni nəşr olunan “Azərbaycanın qədim silahları” MATM Arxeologiya fondunun materialları əsasında", (Bakı, 2018) adlı kitab-albom ictimaiyyətə təqdim olundu. Kitabın elmi redaktoru akademik Nailə Vəlixanlı, Layihənin təşəbbuskar və ümumi koordinatoru t.ü.f.d. Nasir Quluzadə, mətnin müəllifləri t.ü.f.d. Səbuhi Əhmədov, kiçik elmi işçilər Emin Məmmədov və Nurəngiz Qarayevadır.
Daha sonra Azərbaycan hərb tarixinin öyrənilməsi və sərginin təşkilində köməyi olan şəxslərə muzey adından təşəkkürnamələr təqdim edilib.
Sonda sərgiyə baxış keçirilib. Sərgi 25 dekabr 2018-ci il tarixinə qədər davam edəcək.