Milli Azərbaycan Tarixi Muzeyində yarandığı ilk gündən fəaliyyət göstərən Numizmatika fondunun qeyri-məskukət kolleksiyası əsasında 1998-ci ildə həmin adda yeni fond yaradıldı. Numizmatika fondunda saxlanılan döş nişanları, təltiflər, markalar, kağız pullar, möhürlər şəxsi əşyalar və s. Qeyri-məskukət fonduna təhvil verildi. 2009-cu ildə həmin fond Faleristika və qliptika, 2012-ci ildə isə əhatə etdiyi kolleksiyanın məzmunu nəzərə alınaraq “Köməkçi tarixi fənn materialları” fondu adlandırıldı.
30 mindən çox saxlanma vahidini təşkil edən bu fondun faleristika kolleksiyasında stolüstü xatirə medalları, ordenlər, döş nişanları, jetonlar, və digər fərqlənmə nişanları qorunur. Fondun qliptika kolleksiyasında müxtəlif dövr hökmdarlarına və tanınmış şəxsiyyətlərə məxsus möhürlər, poçt və dəmiryol möhürləri, Rusiya və xarici ölkə möhürləri və s. toplanmışdır.
Fondun bonistika kolleksiyasında Cənubi Qafqaz, Rusiya İmperiyası, Azərbaycan Cümhuriyyəti, Sovetlər İttifaqı, Azərbaycan Respublikası, eləcə də müxtəlif Şərq və Qərb ölkələrinin kağız pul nişanları və qiymətli kağızlar mühafizə olunur.
Fondun Filateliya materialları içərisində Azərbaycan və xarici ölkə kolleksiyaları vardır.
Fondun şəxsi təltiflər kolleksiyasında görkəmli alim, həkim, maarif, mədəniyyət və incəsənət xadimləri, neft sənayesi işçiləri, millət vəkilləri, fəhlələr və başqa ixtisas sahiblərinin orden, medal və fərqlənmə nişanları qorunur.
Fondun materialları muzeyin ekspozisiyasında, daxili və xarici beynəlxalq sərgilərdə və digər mədəni tədbirlərdə nümayiş olunur. 2013-cü ildə fondun bonistika kolleksiyası əsasında “Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar” kitab-albomu nəşr edildi (tərtibçilər: S. Qasımova və R. Əhmədov). 2014-cü ildə “Qliptika kolleksiyası” kataloqu çapa təqdim edilmiş, “Azərbaycanda faleristika” kitab-albomu üzərində iş başa çatdırılmışdır.
Hazırda Köməkçi Tarixi Fənn Materialları Fondunda 32 000-dən artıq material qorunur:
- “Qliptika” bölməsində 360 ədəd;
- “Faleristika” bölməsində 2235 ədəd;
- “Bonistika” bölməsində 12 375 ədəd;
- “Filateliya” bölməsində 17 000-dən artıq ədəd;
- “Şəxsi təltiflər” bölməsində 1016 ədəd.
Fonda 1998-ci ildən tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova rəhbərlik edir.