XƏBƏRLƏR
XƏBƏRLƏR -
Müsahibələr
20 Aprel, 2021
Muzey əməkdaşı ATV kanalına müsahibə verib

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov Azad Azərbaycan Televiziya kanalının informativ-maarifləndirici proqram janrında təqdim olunan “ATV Səhər” verilişinə Muzeydə nümayiş olunacaq  “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı sərgi haqqında müsahibə verib.

Sərginin kuratoru Səbuhi Əhmədovun verdiyi məlumata görə Sərginin materialları iki zalda yerləşdirilib. Birinci sərgi “Anadır arzulara hər zaman Qarabağ”, ikinci fotosərgi isə “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlanır. Əsasən Sərgi 44 günlük Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizə həsr olunub. Bu materiallar şəhidlərin, qazilərin ailə üzvləri tərəfindən Muzeyə daxil olub, Ermənistan ordusunun hərbi qənimətləri isə Azərbaycan Respublikasının müxtəlif dövlət orqanları tərəfindən Muzeyə təhvil verilib.

S.Əhmədov fotosərgidə 44 günlük müharibə zamanı çəkilmiş 50 fotoşəkilin nümayiş olunduğunu qeyd edib. Həmçinin fotosərginin bir hissəsində Ermənistan ordusunun Azərbaycanın şəhər və kəndlərinə atılan mərmilər, raketlər nəticəsində baş vermiş dağıntıların əks olunduğunu vurğulayıb. Xatırladaq ki, sərgilənən fotoların bir hissəsi Muzeyin əməkdaşı, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu tərəfindən lentə alınıb.

S.Əhmədov həmçinin bildirdi ki, Muzeyin Sənədli Mənbələr və Foto-Neqativ fondlarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair bir çox fotolar qorunur. Belə ki, Sərgidən sonra fotoşəkillərin Muzeyin Sənədli Mənbələr fondunda qorunacağı da bildirildi. Qeyd etdi ki, bu materiallar gənc nəslin vətənpərvərlik tərbiyəsini daha da artırmağa xidmət edəcək.

Sərginin kuratoru, Səbuhi Əhmədov sonda bildirdi ki, Sərginin açılışı aprel ayının sonlarında nəzərdə tutulur.