AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyev və onun yaşadığı ev (hal-hazır ki, Milli Azərbaycan Tarixi Muzeyi) haqqında novayaepoxa.com -a müsahibə verib.
F. Cabbarov 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ilə əlaqədar Tağıyev Xatirə muzeyinin ekspozisiyasının yenilənməsi ilə bağlı məlumat verib. Qeyd edib ki, 2020-ci il iyunun 17-də təmir və yenidənqurma işlərindən sonra H.Z.Tağıyevin Xatirə muzeyinin ekspozisiyasında yeni interaktiv masa istifadəyə verilib. Belə ki, həmin iriölçülü ekranda (touch screen) H.Z.Tağıyevin sahibkarlıq fəaliyəti, özü və ailəsi haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumatlar yerləşdirilib.
Bundan əlavə yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar nümayiş olunur.
Həmçinin, tədqiqatçı alim bu gözəl binanın tarixindən bəhs edən "Tağıyev Sarayı" (müəlliflər: F.Cabbarov, M.Zeynalova, A.Rüstəmbəyova) adlı kitabın iki dildə (Azərbaycan və ingilis dili) çap olunduğunu da qeyd etdi.