Milli Azərbaycan Tarixi Muzeyində fərdi kolleksioner Azad Hüseynova təşəkkürnamə təqdim olundu. Ötən il Muzeydə təşkil olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisində Muzeydə qorunan eksonatlarla bərabər A.Hüseynovun kolleksiyasında saxlanılan 70-dən artıq eksponat nümayiş olunmuşdur. Belə ki, Azad Hüseynov 1920-1940-cı illərə, xüsusilə Azərbaycan milli hərbi hissələrinə aid hərbi uniforma və ləvazimat toplamaqla məşğul olaraq tariximizin bu vacib səhifəsini öyrənmək istiqamətində əməli fəaliyyət göstərir.
Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı A.Hüseynova Muzey adından dərin təşəkkürünü bildirdi. O, vurğuladı ki, fərdi kolleksionerin sərgiyə təqdim etdiyi eksponatlar 1941-1945-ci illərdə faşizmə qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan milli diviziyaları və ya azərbaycanlıların xidmət etdiyi hərbi hissələrin uniforma və ləvazimatı olduğundan sərgiyə xüsusi əhəmiyyət vermişdilər. A.Hüseynova həmçinin muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim olunmuşdur.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən Azad Hüseynov Azərbaycan hərb tarixinin öyrənilməsi və təbliğ edilməsində Muzeyə uğurlar arzuladı.