XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
02 Avqust, 2021
Görkəmli alim-numizmat, professor Əli Rəcəblinin 94 yaşı tamam olur
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, prof. Əli Rəcəblinin 94 yaşı tamam olur.
Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Əli Rəcəbli görkəmli alim Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil oldu.
Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə 07.00.06 – “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir. Əli müəllim Muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.
1968-ci ildən hal-hazıradək Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri vəzifəsində işləyən Əli müəllim həm də pedaqoji fəaliyyət göstərərək respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənlər üzrə mühazirələr edir, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifidir.
Onun müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi dəyərli və təcrübi əhəmiyyətli əsərlərdəndir.
2000-ci ildə 07.00.06 – “Arxeologiya”, 07.00.02 – “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir.
Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli Rəcəbli həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın ekspertidir.
2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş Əli müəllimin uzun illər boyu apardığı elmi axtarışları və Numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycan qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri”, “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi”, “Şirvanşahlar dövlətində sikkə zərbi”, “Qafqaz pulları”, “Sikkə dəfinələrinin izi ilə”, “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kitablarında Azərbaycan numizmatikası layiqli şəkildə təmsil edilmişdir.
Onun “Azərbaycan” xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponomiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Pol-Araz, Hunan və s.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, “sikkə” və “xütbə” hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərrux Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI - XIII yüzillərdə baş vermiş “gümüş böhranı”nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır.
Respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq aktual mövzulara həsr edilmiş elmi məruzələrlə iştirak edən, mətbuat, radio və TV-də Azərbaycan tarixi və numizmatikası problemləri üzrə çıxışlar edən Əli Rəcəbli müntəzəm olaraq xarici numizmatlarla fikir mübadiləsi aparır, gənclərə bilik və təcrübəsini öyrədir.
Onun şəxsi səyləri nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları Respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılırlar.
Görkəmli mütəхəssisin respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialın qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyəti xüsusi təqdirəlayiqdir.
Öz iхtisasını sеvən, daim еlmi aхtarışlarda оlan, müasir mеtоdikaya əsaslanaraq numizmatika еlminin inkişaf tapmasına çalışan alim, bacarıqlı, işgüzar muzеy işçisi оlan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının dərin hörmətini qazanmışdır. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasıyasını müdafiə etmiş, çoxsaylı tədqiqatçılara əməli və elmi yardım edilmişdir.
Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyurlar.
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür.
Daim yeni məqalələr hazırlayan və gənc mütəxəssislərə məsləhətlərini əsirgəməyən Ə.M.Rəcəbli AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürlər almışdır.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti və bütün kollektivi - ixtisasını sevən, daim elmi axtarışlarda olan işgüzar alim və muzey işçisi, t.e.d., prof. Əli Rəcəblini 94 yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayır.