XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
28 Avqust, 2024
Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Dulayeva-95

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin fədakar və unudulmaz işçilərindən biri – tarixçi, muzeyşünas, tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Zərifə Dulayevanın (1929-2022) 95 illiyi tamam olur. Z.Dulayeva 1968-ci ildən ömrünü muzeyə bağlamışdır. O, burada müxtəlif vəzifələrdə çalışmış, uzun müddət Azərbaycanın sovet dövrü tarixi ekspozisiyası və fondları şöbəsinə rəhbərlik etmişdir. Peşəkar muzey işçisi olan Zərifə xanım muzeydə və onun hüdudlarından kənarda onlarla daimi və səyyar ekspozisiya və sərgilər təşkil etmiş, eləcə də Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən elmi əsərlər, kataloq və kitablar hazırlamışdır. Z.Dulayevanın rəhbərliyi, iştirakı və əksər hallarda təşəbbüsü ilə oxucu auditoriyasını ən maraqlı eksponatlarla tanış edən ikicildlik “Eksponatlar danışır” əsəri, “Azərbaycanın igid oğulları”, “Azərbaycanın tarixi və görməli yerləri” adlı məqalələr topluları işıq üzü görmüşdür. 1998-ci ildə muzeyin kollektivi ölkədə ilk dəfə olaraq Azərbaycan Cümhuriyyətinin tarixinə aid sənədlər və materiallar toplusunu çap etmişdir və Z.Dulayeva həmin toplunun əsas tərtibçilərindən biri idi. Muzeyin nəşr etdirdiyi əksər kataloqların, kitabların, məqalə toplularının əsas müəlliflərindən biri də həmişə Zərifə xanım olurdu. Bunlardan “Azərbaycanın Paris sülh konfransındakı təmsilçiləri”, “Onlar Belarus uğrunda vuruşublar” kollektiv monoqrafiyalarını, “Maestro Niyazi”, “Azərbaycan generalları”, “Bakının teatr tarixi” kataloqlarını, “Biz birlikdə qalib gəldik”, “Nəsib bəy Yusifbəyli – istiqlal və dövlətçilik mücahidi”, “Azərbaycan Birinci Dünya müharibəsi illərində” toplularını və onlarla başqa kitabı qeyd etmək olar.

Muzeydə çalışdığı 51 il ərzində Zərifə xanım həmişə öz işinə yüksək tələbkarlıqla yanaşmış, üzərinə düşən vəzifəni həmişə böyük ruh yüksəkliyi ilə yerinə yetirmişdi.

Allah rəhmət eləsin!