XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
28 Aprel, 2023
Bu gün tanınmış oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 100 il ötür

Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1983), akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib.

1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutun məzunu olub. 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.

1960-1967-ci illərdə Zərifə Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri vəzifəsinə təyin olunub.

Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.

Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.

Təqdim olunmuş fotoşəkil Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunur. Fotoşəkildə Azərbaycanın görkəmli oftalmoloqu Zərifə Əliyeva əməliyyat otağında təsvir olunub.