XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
02 Avqust, 2022
Azərbaycan numizmatikasının görkəmli tədqiqatçısı, professor Əli Rəcəblinin 95 illik yubileyidir

Bu gün, 2 avqust 2022-ci il tarixində də Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika Elmi-Fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 yaşı tamam olur. Azərbaycan Cumhuriyyətinin dəvəti ilə 1919–cu ildə Tiflisdən Bakıya, ilk Azərbaycan Universiteti – Bakı Darulfununda dərs demək üçün gələn məşhur kolleksiyaçı, numizmat, arxeoloq alim, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeniy Aleksandroviç Paxomovun (1880-1965) sayəsində Azərbaycada numizmatika elmi inkişaf etmişdir. Y.Paxomov Muzekskursda (indiki Milli Azərbaycan Tarixi Muzeyi) işə başlayaraq, bir neçə sikkədən ibarət azsaylı numizmatik kolleksiyanın əsasını qoymuşdur. Bu kolleksiya zaman keçdikcə zənginləşmiş və Azərbaycanın numizmatik irsinin toplandığı, qeydə alındığı, qorunduğu, tədqiq və təbliğ edildiyi respublika mərkəzinə çevrilmişdir.

Qeyd edək ki, Yevgeni Paxomov Əli Rəcəblinin elmi rəhbəri olmuşdur. O, Yevgeni Paxomov ilə tanışlığını belə xatırlayır: “Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyəti zamanı professor Yevgeni Paxomov “Şərqşünaslıq” fakültəsi məzunlarının müdafiəyə təqdim olunacaq diplom işlərini nəzərdən keçirərkən mənim də diplom işimi yoxladı və daha sonra mənimlə maraqlanmağa başladı”. Beləliklə, Əli Rəcəblinin yüksək elmi səviyyədə işlənilmiş diplom işini qiymətləndirən Yevgeni Paxomov, onun Şərq dillərini mükəmməl bildiyinə əmin oldu və ona numizmatik axtarışlarla daha ciddi məşğul olmağı tövsiyyə etdi. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Şərqşünaslıq” fakültəsini fərqlənmə diplomu ilə bitirən Əli Rəcəbli “Numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) aspiranturasına daxil olmuşdur. Həmin illərdə həm də muzeyin numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm elmi tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi. 1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Ə.Rəcəblinin nailiyyətləri nəzərə alınmış və iki il sonra o, böyük elmi işçi vəzifəsinə keçirilmişdir.

Əli Rəcəbli 1963-cü ildə “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI- XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1968-ci ildən Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri vəzifəsində işləyən tədqiqatçı alim, həm də pedaqoji fəaliyyət göstərərək respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənnlər üzrə mühazirələr demiş, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifi olmuşdur.  

Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu - ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Ə.Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir. Dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və d. müəssisələr tərəfindən təşəkkürlər almış Əli Rəcəbli 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.

Alimin müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahəni təmsil edən ilk dəyərli və təcrübi əhəmiyyətli əsərdir. 2000-ci ildə “Arxeologiya” və “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir. Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, namizədlik və doktorluq dissertasiyalarına opponentlik edən, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli Rəcəbli, həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın eksperti olaraq fəaliyyət göstərmişdir. O, 2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Professorun çoxillik elmi axtarışları və numizmatika fondunda toplanmış faktiki materiallar əsasında yazdığı “Azərbaycan qədim və ortaçağ sikkələri”, “Azərbaycan sikkələri”, “Sikkə və dövlətçilik” (Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” (rus dilində), “Şirvanşahlar dövlətində sikkə zərbi – VIII – XVI əsrlər”, “Qafqaz pulları”, “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” (Azərbaycan, rus və ingilis dillərində), “Sikkə dəfinələrinin izi ilə” kitablarında Azərbaycan numizmatikasının ən unikal faktları tədqiq edilmişdir. Onun “Azərbaycan” xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponomiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Pol-Araz, Hunan və s.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, “sikkə” və “xütbə” hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərrux Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI - XIII yüzillərdə baş vermiş “gümüş böhranı”nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır.

Görkəmli mütəхəssis respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialların təyin edilməsi, qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyət göstərmişdir. Respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq aktual mövzulara həsr edilmiş elmi məruzələrlə iştirak edən, mətbuat, radio və TV-də Azərbaycan tarixi və numizmatikası problemləri üzrə çıxışlar edən professor Əli Rəcəbli müntəzəm olaraq xarici numizmatlarla fikir mübadiləsi aparmış, gənclərə bilik və təcrübəsini öyrətmişdir.

Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2017-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına mükafatın laureatı olmuş, növbəti ildə isə V Filekspo sərgisi münasibətilə qızıl medalla təltif edilmişdir.

Öz iхtisasını sеvən, daim еlmi aхtarışlarda оlan, yeni mеtоdikaya əsaslanaraq numizmatika еlminin inkişaf tapmasına çalışan alim bacarıqlı, işgüzar muzеy işçisi оlan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının dərin hörmətini qazanmış və dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürlər almışdır. Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyur. Görkəmli numizmat Ə.Rəcəblinin zəhmətkeş həyat yolu və fəaliyyəti gələcək nəsillərə nümunədir.

Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti və bütün kollektivi adından ixtisasını sevən, qocaman muzey işçisi, əməkdar mədəniyyət işçisi, t.e.d., prof. Əli Rəcəblinin 95 yaşı münasibətilə təbrik edir.