Bu gün - 28 fevral Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Bəhram oğlu Mansurov Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Mansurov 1952-ci il fevralın 28-də Bakıda anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Eldar Mansurovun şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyində qorunur.
Eldar Mansurovun muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunan materialları arasında “Mansurovlar” adlı miniatür kitabı (Eldar Mansurov, Münəvvər Mansurova. Bakı-2016) yer alır. Müxtəlif arxiv və muzeylərdən toplanmış sənədlər əsasında hazırlanmış kitab “Mansurovlar” nəslinin tarixini XVII əsrin ortalarından bu günə kimi əks etdirir. Kitabda “Mansurovlar” nəslinin gerbi və şəcərəsi də təsvir olunub.
Muzeyin Sənədli Mənbələr fondunda Eldar Mansurovun atasına- Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti Bəhram Mansurova aid fotoşəkillər və Köməkçi Tarixi Fənn Materialları fondunda Bəhram Mansurovun anadan olmasının 105 illiyinə həsr olunmuş zərf, poçt markaları qorunur. Bu materiallar 2016-cı ildə şəxsən Eldar Mansurov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.
Xatırladaq ki, Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.