XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
24 Dekabr, 2021
Prezident cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün ölkədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yubileyi qeyd olunur. Dövlət başçısının 60 yaşı tamam olur. Milli Azərbaycan Tarixi Muzeyi kollektivi adından Cənab Prezident İlham Əliyevi təbrik edir, ona can sağlığı və ölkəmizin rifahı naminə görülən fəaliyyətində uğurlar arzulayırıq!

2003-cü ildən dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan cənab İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Cənab Prezident çox qısa bir zamanda bütün dünyada böyük hörmət və nüfuz qazandı. İlham Əliyevin xarici və daxili siyasəti, həyata keçirdiyi bütün islahatlar, gördüyü böyük quruculuq və abadlıq işləri onun yaradıcı, yenilikçi prezident olmasının parlaq təzahürləridir.

Cənab Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının tarixi keçmişinə, mədəniyyətinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan mədəniyyətinin böyük hamisidir. Qeyd etməliyik ki, ki, 2004-cü il dekabrın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin həyatında çox mühüm, hətta muzeyin fəaliyyəti üçün dönüş nöqtəsi sayıla biləcək bir hadisə baş verdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyi ziyarət etdi. Dövlət başçısı bir əsrdən çox yaşı olan binanın vəziyyəti ilə tanış oldu, onun əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı və qeyd etdi ki, muzeyin təmiri zamanı hər bir memarlıq elementi və ən əsası, binanın orijinal görkəmi saxlanılmalıdır. Muzeyin direktoru Nailə Vəlixanlı məlumat verdi ki, təmir işləri başa çatdıqdan sonra Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı otaqların bir neçəsində onun xatirə muzeyinin yaradılması nəzərdə tutulub. Muzey rəhbərliyinin təşəbbüsünü dəstəkləyən Prezident İlham Əliyev H.Z.Tağıyevin xatirəsinə olan hörmətini bu sözlərlə ifadə etdi: “Hələ bir neçə il bundan əvvəl onun Mərdəkandakı qəbrini abadlaşdırdım. O vaxt mənə heç müraciət də olunmamışdı. Özüm gedib ora baxanda gördüm ki, çox pis, bərbad vəziyyətdədir. Biz oranı çox gözəl abadlaşdırdıq. İndi növbə onun evinə gəlib çatıbdır”. Prezidentin muzeyə gəlişi, onun burada səsləndirdiyi fikirlər qəti inam yaratdı ki, Azərbaycan dövləti elm və mədəniyyət ocağının xilası üçün bütün qayğıları öz üzərinə götürəcək və bu onun Azərbaycanın tarixinə, mədəniyyətinə şəxsən diqqət göstərməsinin, eyni zamanda, Azərbaycan dövlətinin artan iqtisadi gücünün əyani sübutu idi.

Muzeyin 90 illiyi Prezident İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmişdir. Həmçinin Azərbaycan Prezidentinin 2020-ci ildə muzeyin 100 illik yubileyi ərəfəsində müasir tələblərə uyğun yeni layihələrin həyata keçirilməsi və müasir infrastrukturun yaradılmasını vacib bilərək muzeydə yubileyqabağı bərpa və quruculuq işlərinə başlanması barədə tapşırıq, eləcə də 100 illik yubileyin layiqincə keçirilməsi haqqında xüsusi sərəncam verməsi bu qayğı və diqqəti bir daha təsdiq etdi.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının daim qeyd etdiyi kimi, bu gün ölkəmizin tarixi-mədəni irsinin və yaddaşının qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi dövlətin qayğısı ilə ölkənin böyük əhəmiyyət daşıyan elmi-mədəni ocağına çevrilmişdir. Muzeyin fondları qədim tarixmizin ayrı-ayrı mərhələlərini təmsil edən müxtəlif maddi mədəniyyət nümunələri ilə zəngindir. Muzeyin fondlarında Prezident İlham Əliyevin də vaxtaşırı muzeyə təqdim etdiyi hədiyyələrin xüsusi yeri vardır.

Cənab İlham Əliyevi muzey kollektivi adından bir daha təbrik edir, ona can sağlığı, yeni uğurlar arzulayırıq.