Bu gün- yanvarın 7-si dünya şöhrətli geoloq, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Mirəli Qaşqayın doğum günündən 115 il ötür.
Akademik M.Qaşqay 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında təhsil alıb, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb.
Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən "Dünya alunit yataqlarının tədqiqi”nə dair ikicildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib. Akademik M.Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. M.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olub. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində akademik M.Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik edib və böyük bir məktəb yaradıb.
O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü və birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru elmi rütbəsi alıb.
M.Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına ("Kim kimdir” – Avstriya, "Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilib. Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb və respublikanın bütün ərazisi üzrə beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinal "Azərbaycanın geotermik xəritəsi”ni tərtib edib.
Akademik M.Qaşqayın rəhbərliyi altında geologiya elminin müxtəlif istiqamətləri üzrə 60 namizədlik və 10-dan çox doktorluq dissertasiyası müdafiə edilib.
Görkəmli alim iki dəfə (1945-1962-ci, 1967-1974-cü illərdə) Azərbaycan EA-nın akademik-katibi seçilib. Tanınmış geoloq, akademik M.Qaşqay 1977-ci il aprelin 23-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, görkəmli alim Mirəli Qaşqaya aid materiallar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Fotoneqativ materialları fondlarında qorunur. Həmçinin muzeyin Kitabxanasında məşhur geoloq M.Qaşqayın müəllifi olduğu "İnkişaf etmiş tunc dövrünə aid qədim Mingəçеvirın metal məmulatlarının tədqiqi", "İsti-su rayonunun geoloji-petroqrafik izahı və mənbələrin geokimyası" adlı kitabları mühafizə olunur. Qeyd edək ki, bu materiallar Azərbaycanın geoloji tarixi və elmi-tədqiqat baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən azhistorymuseum.gov.az -a istinad zəruridir.