17 iyun 2020-ci il tarixində saat 15.00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi keçirildi.
2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Muzeyin ilk fəaliyyət addımları 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar tədris şöbəsinin nəzdində 15 iyun tarixli qərarla yaradılmış Muzey-Ekskursiya yarımşöbəsi və onun tərkibində “Doğma diyarın tədris muzeyi” ilə bağlıdır. 1920-ci il 25 oktyabr tarixli sərəncam ilə ona “Azərbaycan SSR Dövlət Muzeyi” adı verilmişdir. Yarandığı ilk gündən mədəni-maarif və elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə başlayan bu ilk dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təblığı, toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğuldur.
Muzeyin fondlarında 300 000-dən artıq maddi abidə qorunur. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrlərdən 1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya qurulmuşdur. Muzeyin 9 zalında onun yerləşdiyi binanın sahibi Hacı Zeynalabdin Tağiyevin xatirə muzeyi də fəaliyyət göstərir.
Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Azərbaycanın yeni dövr tarixinin ən parlaq şəxsiyyətlərinin biridir. XIX əsr - XX əsrin əvvəllərində milli tariximizdə elə bir önəmli hadisə olmayıb ki, H.Z.Tağıyev orada iştirak etməsin, bəzən isə o, həmin hadisənin bilavasitə təşəbbüskarı və hərəkətverici qüvvəsi rolunda çıxış edirdi. O, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən sənaye müəssisələri açdırır, iş yerləri yaradır, minlərlə insanı sabit əməkhaqqı, iş və mənzillə təmin edirdi; millətinin maariflənməsi üçün məktəblər açır, təhsil müəssisələrinə yardım göstərir, yüzlərlə tələbənin təhsil xərcini ödəyirdi; mətbuatın ictimai şüurun formalaşdırılmasında rolunu nəzərə alaraq, qəzet və jurnalların nəşrinə sponsorluq yardımı göstərirdi; milli mədəniyyətin inkişafında misilsiz rol oynayan teatr üçün bina tikdirir, şair və yazıçıların əsərlərinin çapına və tərcümə olunmasına dəstək verirdi; Azərbaycanda xeyriyyəçilik və mesenatlıq hərəkatının lideri kimi millətinin imkansız təbəqələrinin qayğısına qalır, onlara köməklik göstərirdi.
Hal-hazırda Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.
Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi təmir işlərindən sonra öz qapılarını yenidən ziyarətçilərin üzünə açır. Xatirə muzeyinin yeni ekspozisiyasında iriölçülü ekranda (touch screen) H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlar üç dildə - Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Bundan başqa yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi və sonra qonaqlar H.Z.Tağıyevin ev muzeyi ilə tanış oldular.