XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
23 Sentyabr, 2026
Muzey əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fatma Qəniyevanın “Tea Ceremonies in Azerbaijan’s Hospitality” (“Azərbaycanın qonaqpərvərlik ənənələrində çay mərasimləri”) adlı elmi məqaləsi beynəlxalq “İrs” jurnalında dərc olunub.

Məqalədə Azərbaycan xalqının milli-mədəni irsinin mühüm tərkib hissələrindən biri olan qonaqpərvərlik ənənələri, həmçinin çay mərasiminin bu ənənələr çərçivəsində formalaşmış sosial və mədəni xüsusiyyətləri araşdırılır. Müəllif qonaqpərvərliyi Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət, ünsiyyət və sosial həmrəyliyin ifadəsi kimi səciyyələndirərək, çay mərasiminin bu ənənənin mühüm praktik təzahürlərindən biri olduğunu qeyd edir.

Tədqiqatda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan və çay mərasimi ilə bağlı maddi mədəniyyət nümunələrinə xüsusi diqqət yetirilir. Muzeyin Etnoqrafiya fondunda mühafizə olunan bu əşyalar Azərbaycan məişət mədəniyyətinin, çay süfrəsi ənənələrinin və qonaqpərvərlik anlayışının öyrənilməsi baxımından mühüm elmi mənbə kimi təqdim olunur. Məqalədə həmin materialların tarixi və etnoqrafik xüsusiyyətləri təhlil edilərək, onların Azərbaycan xalqının qonaqpərvərlik ənənələrindəki yeri və əhəmiyyəti göstərilir.

Məqalə Milli Azərbaycan Tarixi Muzeyində qorunan etnoqrafik materialların elmi tədqiqi və Azərbaycan xalqının maddi-mədəni irsinin beynəlxalq elmi mühitdə tanıdılması baxımından əhəmiyyət daşıyır.