XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
16 Sentyabr, 2026
Türkiyə və Azərbaycanın ortaq maddi və qeyri-maddi mədəni irs nümunələrinin araşdırılmasına həsr olunmuş elmi məqalə nəşr olunub

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi Türkiyə və Azərbaycanın ortaq maddi və qeyri-maddi mədəni irs nümunələrinin araşdırılmasına həsr olunmuş “Türkiye –Azerbaycan Ortak El Sanatları / Türkiyə – Azərbaycan Ortaq Əl Sənətləri” adlı elmi topluda nəşr olunub. S.Nəsirovanın məqaləsində Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, ənənəvi toxuculuq, təbii boyaqçılıq, xalça ornamentləri və Azərbaycan qadınlarının xalça sənətinin yaşadılmasındakı rolu araşdırılıb. Məqalədə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda qorunan xalça nümunələrinə də müraciət edilərək onların Azərbaycan xalqının məişəti və dünyagörüşünün öyrənilməsində əhəmiyyəti diqqətə çatdırılıb.

2026-cı ildə Ankarada UNESCO Türkiyə Milli Komissiyasının nəşri kimi işıq üzü görən toplu UNESCO Türkiyə Milli Komissiyası ilə UNESCO Azərbaycan Milli Komissiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilmiş “Türkiyə –Azərbaycan Ortaq Əl Sənətləri” layihəsinin elmi nəticələrini özündə əks etdirir. Nəşrin məqsədi iki ölkənin ortaq ənənəvi əl sənətlərinin araşdırılması, sənədləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan elmi fəaliyyətin nəticələrini təqdim etməkdir.