XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
31 Yanvar, 2020
M.Ə.Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib

2020-ci il 30 yanvarda “Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyi” İctimai Qrupunun təşəbbüsü ilə “Məhəmməd Əmin Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə t.ü.e.d., professor Solmaz Rüstəmova-Tohidi açdı, M.Ə.Rəsulzadənin həyat və yaradıçılığını yad etdi. Beynəlxalq konfransda M.Ə.Rəsulzadənin irsi, həyat və yaradıcılığı ilə məşğul olan azərbaycanlı alimlərlə yanaşı Rusiyadan, Ukraynadan, Gürcüstandan, İrandan, Türkiyədən, Polşa və Almaniyadan gəlmiş tarixçilər də iştirak və çıxış edib. 2020-ci il 31 yanvarda konfrans AMEA Milli Azərbaycan Tarixi Muzeyində öz işinə davam etdi. Dövlət Himninin səsləndirilməsindən sonra giriş sözü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi. İştirakçıları salamladıqdan sonra qeyd etdi ki, bu gün Azərbaycan xalqının görkəmli vətənpərvər oğlu, ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 136 ili tamam olur. M.Ə.Rəsulzadəni və silahdaşlarını Azərbaycanda, o cümlədən muzeyimizdə ehtiramla yad edirik. Onlar Azərbaycanda dövlətçilik ənənəsini dirçəldən böyük şəxsiyyətlərdir. M.Ə.Rəsulzadədən əvvəl Babək "Bir il azad yaşamaq, qırx il qul kimi yaşamaqdan yaxşıdır" deyərək, bizi vətənpərvərliyə təşviq etmişdir. Ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadəyə böyük dəyər vermiş, Ankaradakı məzarını ziyarət etmişdir. Prezident İlham Əliyev 2014-cü ildə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin və 2018-ci ildə AXC-nin 100 illiyinin keçirilməsi üçün sərəncamlar vermiş və icra olunmuşdur. M.Ə.Rəsulzadə daim Azərbaycanın var olacağına inanmış və "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdir. Sonra Nailə xanımın təklifi ilə M.Ə.Rəsulzadənin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra beynəlxalq konfrans müxtəlif ölkələrdən gələn çıxışçıların məruzələri ilə davam edib. Ukrayna Azərbaycanlıları birləşmiş diasporunun sədri, hüq.e.d. Hikmət Cavadov, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, t.e.d., prof. Georqi Mamulia, Berlin Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, prof. Eva-Mariya Aux, Polşa Elmlər Akademiyası Siyasi Tədqiqatlar İnstitutu, t.e.d., prof. Griqori Novik və digərləri çıxış ediblər. Bildirilib ki, M.Ə.Rəsulzadənin ev-muzeyinin açılması çox mühüm təşəbbüsdür və Cümhüriyyət dövrünün öyrənilməsi, tədqiqi və dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı.