XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
02 Oktyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Azərbaycan” qəzetində və “Varlıq” jurnalında Səməd Vurğun yaradıcılığına dair” mövzusunda elmi seminar keçirilib. Seminarda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov məruzə ilə çıxış edib.

Məruzədə ilk növbədə Səməd Vurğunun həyat və yaradıcılığının əsas mərhələləri, Azərbaycan ədəbiyyatında tutduğu mövqe və yaradıcılığının ictimai fikir tarixində əhəmiyyəti haqqında məlumat verilib. “Azərbaycan Respublikası Prezidentinin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, şairin yubileyinin ölkə səviyyəsində qeyd olunduğu bildirilib.”

Məruzənin əsas hissəsi Səməd Vurğunun yaradıcılığının Cənubi Azərbaycan eləcə də ümumilikdə İranın türkdilli mətbuatı kontekstində araşdırılmasına həsr olunub. Bu baxımdan 1947–1949-cu illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti və 1979–2014-cü illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalı mühüm mənbələr kimi nəzərdən keçirilib. Həmin nəşrlərin Cənubi Azərbaycanın ictimai, ədəbi və mədəni həyatının öyrənilməsində əhəmiyyəti qeyd olunub.

Çıxışda “Azərbaycan” qəzeti və “Varlıq” jurnalında Səməd Vurğunun yaradıcılığı ilə bağlı materialların, eləcə də şairin müxtəlif məzmunlu çıxışlarının dərc edildiyi bildirilib. Onun əsərlərində Cənubi Azərbaycanın tarixi və mədəni irsi, milli-mənəvi dəyərləri ilə bağlı məsələlərin mühüm yer tutduğu vurğulanıb. Eyni zamanda şairin Pəhləvi rejiminin milli siyasətinə münasibəti, habelə Azərbaycan xalqının üzləşdiyi tarixi və siyasi proseslərə dair mövqeyi təhlil edilib.

Məruzədə sözügedən mətbuat orqanlarının orijinal nüsxələrinin hazırda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə edilməsi xüsusi qeyd olunub. Bu materialların yalnız mətbuat tarixinin deyil, həm də Azərbaycan ədəbi, ictimai və siyasi fikir tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğu diqqətə çatdırılıb.

Seminarda Səməd Vurğunun “Vaqif” dramı əsasında şairin milli və dini dünyagörüşünün əsas xüsusiyyətləri də təhlil edilib. Əsərin ideya və məzmun xüsusiyyətləri, müəllifin tarixi şəxsiyyətə münasibəti, milli kimlik və tarixi yaddaş məsələlərinin bədii ifadəsi ilə bağlı fikirlər diqqətə çatdırılıb.

Tədbir çərçivəsində nümayiş etdirilən slaydlarda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan Səməd Vurğunla bağlı arxiv və maddi-mədəni materiallar təqdim olunub. Muzey kolleksiyalarında saxlanılan bu materialların şairin həyat və yaradıcılığının, eləcə də XX əsr Azərbaycan ədəbi və ictimai fikir tarixinin tədqiqi baxımından elmi əhəmiyyəti qeyd edilib.

Seminarda Bakı Slavyan Universitetinin Təhsil fakültəsinin “Xüsusi pedaqogika” ixtisası üzrə I kurs tələbələri və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları iştirak ediblər. Tədbirin sonunda məruzə ətrafında elmi fikir mübadiləsi aparılıb və iştirakçılar muzeyin ekspozisiyası və fond materialları ilə tanış olublar.