2025-ci il oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan tarixi silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunub.
Konfransın məqsədi Azərbaycan silahşünaslıq elminin inkişaf istiqamətlərini müzakirə etmək, muzeylərarası elmi əməkdaşlığı genişləndirmək və bu sahədə yeni tədqiqat nəticələrini təqdim etmək olub.
Milli Azərbaycan Tarixi Muzeyini tədbirdə bir neçə əməkdaş təmsil edib. Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə (t.ü.f.d., dos. Xəqani Alməmmədovla birgə) “Neolit dövrü sapand daşlarının muzey arxeologiyası kontekstində təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın erkən icmalarında uzaqməsafəli silah texnologiyalarının təşəkkülü, sapand daşlarının müdafiə və ov vasitəsi kimi funksional təhlili, həmçinin bu tapıntıların muzey kontekstində təqdimat prinsipləri elmi əsaslarla araşdırılıb. Şöbənin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova “Döyüşçü qadınlar fenomeni: Azərbaycandan tapılmış silahlı qadın qəbirləri” adlı çıxışında qadınların qədim hərbi mədəniyyətdəki rolunu təqdim edib. Elmi işçi, t.ü.f.d., dos. Həbibə Əliyeva “Azərbaycan ənənəvi silahlarında epiqrafik yazılar” mövzusunda silah üzərində yazı mədəniyyətinin bədii və ideoloji aspektlərini təhlil edib. Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova “Azərbaycan milli geyimlərində hərbi elementlər” məruzəsində xalq geyimlərində silah atributlarının bədii ifadəsini araşdırıb. Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunun kiçik elmi işçisi Günel Məmmədova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında şaşqaların elmi tədqiqi və təsnifatı” adlı çıxışında muzeyin nadir silah kolleksiyasının tipologiyası və sənətkarlıq xüsusiyyətlərini təqdim edib. Məruzələr maraqla qarşılanıb.
Konfransın sonunda “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərginin açılışı olub. Tədbir Azərbaycan silahşünaslığının elmi əsaslarla inkişafına və muzeylərarası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilib.