Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli, Orta və Son Tunc Dövrü Arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov və Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, həmçinin muzeyin müvafiq elmi şöbələrinin və fondlarının rəhbərləri Milli Azərbaycan Tarixi Muzeyində keçirilən Elmi Şuranın növbəti iclasında iştirak ediblər. Tədqiqatçı-alimlərin iştirakı ilə baş tutan görüşün əsas məqsədi muzeydə hazırlanmaqda olan Tunc dövrünə aid tematik ekspozisiya planının müzakirəsi, bu sahədə ixtisaslaşmış alimlərin rəy və tövsiyələrinin alınması olub. Qeyd olunub ki, dəvət edilmiş mütəxəssislər Azərbaycan arxeologiyası üzrə son elmi yeniliklər, yeni tədqiqat nəticələri və arxeoloji tapıntılar barədə geniş məlumatlara malikdirlər və onların elmi biliklərindən istifadə edilməsi məqsədəuyğun hesab edilir.
Müzakirələr zamanı Tunc dövrü ekspozisiyasının konseptual yanaşması, xronoloji bölgüsü, materialların seçimi, interpretasiya prinsipləri və müasir ekspozisiya tələblərinə uyğun təqdimat məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Səsləndirilən təklif və tövsiyələrin ekspozisiyanın elmi əsaslarının gücləndirilməsi, arxeoloji materialların təqdimatında yeni yanaşmaların tətbiqi və ziyarətçilər üçün daha anlaşılan, eyni zamanda konseptual baxımdan mühüm əhəmiyyət daşıdığı bildirilib.
Müzakirə konstruktiv elmi dialoq şəraitində keçib və qarşılıqlı fikir mübadiləsi nəticəsində ekspozisiya planının təkmilləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.