XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
17 Mart, 2021
Muzeydə kitab sərgisi keçirilib

Martın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Elm günü”nə həsr olunan 2020-ci ilin nəşrlərinin sərgisi keçirilib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işləri ilə yanaşı elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə Muzeyin 100 illiyi münasibəti ilə yubiley nəşrləri işıq üzü görüb.

Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu yeni nəşrlər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub.

Muzeyi ziyarət edənlər stenddə nümayiş olunan nəşrlər ilə tanış ola bilərlər.