XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
29 Mart, 2021
Muzeydə "Elm günü"nə həsr olunmuş onlayn seminar keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə  27 mart - Elm gününə həsr olunmuş "Tarix elminin öyrədilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolu" adlı seminar keçirilib. Seminar Zoom proqramı üzərindən onlayn baş tutub.

Seminarda Muzey əməkdaşları və Respublikanın 10 ümumtəhsil məktəbinin - Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbinin, Bakı şəhəri 246 saylı məktəb-liseyin, Şamaxı rayonu Dəmirçi kənd tam orta məktəbinin, Zəngilan rayonu 29 saylı tam orta məktəbin, Astara rayonu M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbinin, Nərimanov rayonu 177 nömrəli orta məktəbin, Hacıqabul rayonu 6 saylı tam orta məktəbin, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri iştirak ediblər.

Seminarı Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıb. F.Şəmsi tədbir iştirakçılarını Elm günü münasibətilə təbrik edib. Qeyd edib ki, elm və təhsil bir-birilə sıx əlaqəlidir, məktəbdə aldığı təhsil hər bir şəxsin inkişafında mühüm rol oynayır. MATM-nin əsas fəaliyyət istiqamətlərindən biri - uşaq yaradıcılığının inkişafı, muzeydə təhsil proqramlarının tətbiqi, uşaqların və yeniyetmələrin muzeyə cəlb edilməsidir və bu işdə təhsil müəssisələrinin , müəllimlərin rolu əvəzsizdir. Muzeydə keçirilən açıq dərslər, kvestlər, seminarlar təhsil müəssisələri ilə əməkdaşlıq nəticəsində həyata keçirilir. F. Şəmsi bu işdə göstərdiyi köməyə görə tədbirdə iştirak edən müəllimlərə öz təşəkkürünü bildirib.

Sonra Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov - "XIX-XX əsrin əvvəlləri Azərbaycanda elm, təhsil və muzeylərdə təbliği məsələləri", şöbənin mütəxəssisi Qənirə Qafarlı - "Muzey-məktəb əlaqələrinə baxış (MATM - 2019 - 2021)" adlı məruzələrlə slayd vasitəsi ilə çıxış ediblər.

Daha sonra Zəngilan rayonu 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova və Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbinin tarix müəllimi İntiqam Əsədov - "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" adlı məruzə ilə çıxış ediblər.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.