Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in ilk sayının işıq üzü görməsindən 115 il ötür.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda XX əsrin əvvəllərində Azərbaycan publisistikasında özünəməxsus iz qoyan “Molla Nəsrəddin” jurnalı mühafizə olunur. "Molla Nəsrəddin" 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın əsas qayəsi milli maarifçilik və dini xurafatla, fanatizmlə mübarizə idi. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim C.Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli Sərəncamında deyilir: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
“Molla Nəsrəddin”lə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub. Jurnal Azərbaycan satirik mətbuatının zirvəsi ilə yanaşı, haqlı olaraq realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvəti də hesab edilir.