09.06.2021-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzey tərəfindən 2020-ci ildə nəşr olunmuş kitabların təqdimat mərasimi keçirildi. Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işləri ilə yanaşı elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə Muzeyin 100 illiyi münasibəti ilə yubiley nəşrləri işıq üzü görüb.
Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Şahin Mustafayev, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, t.ü.f.d. Cəbi Bəhramov, s.ü.e.d. Səbirə Dünyamalıyeva, t.ü.f.d. Akif Quliyev, t.ü.e.d. Tarix Dostiyevvə KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirin elmi baxımdan əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi təşkilat kimi də fəaliyyətindən, burada aparılan tədqiqat işlərindən söhbət açıb. Qeyd olunub ki, muzeydə saxlanılan tarixi eksponatları öyrənmək, onları təqdim, təbliğ və nəşr etdirmək bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir. N.Vəlixanlı, bu il artıq 16 kitabın nəşr olduğunu diqqətə çatdırdı.
Sonra akademik İsa Həbibbəyli Azərbaycan tarixinin, elminin inkişafında Milli Azərbaycan Tarixi Muzeyinin xidmətlərini xüsusi qeyd edərək yeni nəşrlərin əhəmiyyətindən danışıb. Həmçinin Muzeydə qorunub saxlanılan materialların cəmiyyətə təqdim olunmasını yüksək dəyərləndirən akademik İ.Həbibbəyli yeni nəşrlərin AMEA-nın əməkdaşları və müxtəlif elmi müəssisələri üçün hər zaman dəyərli mənbə olacağını bildirib. Qeyd edib ki, bu elmi nəşrlərin tədqiqatçılara, ictimaiyyətə təqdim olunması mədəniyyətimizin və tariximizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Daha sonra akademik Ş.Mustafayev, t.ü.f.d., dosent F.Əhmədova, t.ü.f.d. C.Bəhramov, s.ü.e.d. S.Dünyamalıyeva, t.ü.f.d. A.Quliyev, t.ü.e.d. T.Dostiyev çıxış edərək təqdim olunan nəşrlər barədə təəssüratlarını, rəylərini bildiriblər. Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində, təbliğində və ictimaiyyətə çatdırılmasında muzeyin rolununun xüsusi olduğunu qeyd ediblər.
Xatırladaq ki, Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Azərbaycan milli kişi geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb.
Qeyd edək ki, bu yeni nəşrlər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sonda tədbir iştirakçıları muzeyin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.