23 iyul tarixində Muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində Muzeyin könüllülərinin Ağdam rayonuna ekskursiyasını təşkil edib.
Bu dəfə muzeyin könüllüləri ilə yanaşı , 1 saylı Bakı “Asan xidmət“ mərkəzi və Bərdə “Asan xidmət” mərkəzi könüllüləri də layihədə iştirak ediblər. Könüllülər Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və digər əməkdaşlar tərəfindən yüksək səviyyədə qarşılanıb. S.Ələkbərova könüllüləri muzey əməkdaşlarına təqdim edib. Qeyd edib ki, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində gənc muzeyşünaslar ikinci dəfədir ki, işğaldan azad edilmiş rayonlarımıza səfər edirlər. Bundan öncə onlar, layihə çərçivəsində Fizuli rayonunda olublar. Belə səfərlər onlarda yüksək əhval-ruhiyyə ilə yanaşı, qalib ölkənin gəncləri olaraq daha çox qürur hissi yaradıb. Layihənin ideya müəllifi və rəhbəri olan S. Ələkbərova layihə çərçivəsində işğaldan azad edilmiş bütün rayonlarn muzeylərinə belə ekskursiyaların təşkilinin davam etdiyini vurğlayıb.
Bu baxımdan gənc muzeyşünasların vətənpərvərlik mövzusunda aktual olan “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!”, “Tarix yazan qəhrəmanlar“ və “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihələrində fəal iştirak etməklə vətənə məhəbbət hisslərini əməlləri ilə ifadə edir, eyni zamanda digər gənclərə də nümunə olurlar. Bunun da ən bariz nümunəsi odur ki, bu gün “Asan xidmət” mərkəzlərinin rəhbərləri layihəni dəstəkləyərək Asan könüllülərin də layihədə iştirakına şərait yaradıb.
S.Ələkbərova 23 iyul tarixində Ağdam rayonuna səfərin təşkil edilməsinin bir təsadüf olmadığını bildirib. Qeyd edib ki, Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Bu gün hər bir azərbaycanlı üçün qəlb ağrıdan bir tarix olsa da, 20 noyabr 2020-ci il tarixində uğurla sona çatan qələbəmiz işğal tariximizin üzərindən qırmızı xətt çəkib zəfərlə əvəzlədi. Düz 27 il işğal tariximizdən acı-acı danışdıq və o tarixi anaraq böyük sarsıntı keçirdik. Bu gün isə Ağdamın işğalından 28 il ötür deyə gəncləri ətrafımıza toplayıb, Ağdamı xatirələrdə yaşadaraq anmadıq. 44 günlük Vətən müharibəsində əldə etdiymiz qələbə sayəsində işğaldan azad edilmiş torpaqlarımıza gedən zəfər yoluna çıxaraq Ağdama gəldik.
Nə qədər qürurlandırıcı, fərəhverici haldır ki, bu gün qalib ölkənin gəncləri işğaldan azad olunan torpaqlarımızda layihələr həyata keçirib, xalqımızın qədim tarixini, yüksək mədəniyyətini və unudulmaz adət-ənənələrini təbliğ edir.
Könüllülər öncə Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyətini qismən bərpa etmiş Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Qeyd edilib ki, Ağdam rayonunda ilk muzey 1962-ci ildə yaradılıb. İşğaldan əvvəl muzeyin fondunda eksponatların sayı 2500-ü keçirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, üstünlük təşkil edirdi. 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal edildikdən sonra muzey tamamilə dağıdılmışdır, muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır.
1995-ci ildən muzey fəaliyyətini yenidən Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında bərpa edir. Hazırda muzeydə rayonunun qədim tarixini, zəngin keçmişini və mədəniyyətini özündə əks etdirən çoxlu sayda eksponat sərgilənir. Sərgidə olan mənfur erməni vandallarının dinc əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş raket mərmilərinin parçaları, gənclər tərəfindən maraqla qarşılansa da, onlarda düşmənə kəskin nifrət hissini də artırıb. Çox yüksək təəssüratlarla Qaradağlı kəndindən ayrılan gənclər Mahrızlı kəndinə yola düşüblər.
Orada onları Rahib Məmmədov adına Ağdam rayon Döyüş -Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov və digər əməkdaşlar qarşıladı. Muzeylə yaxından tanış olan gənclərə məlumat verildi ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini raket ve artilleriya qurğularından atəşə tutması nəticəsində çoxsaylı dağıntılar baş vermişdir. Döyüş bölgəsinə yaxın olan Mahrızlı kəndi də raket zərbələrinin təsirindən çoxsaylı dağıntılara məruz qalmışdır. Qeyd edək ki, O zərbələrin təsirini muzeyin çatlamış divarında və sınmış pəncərə şüşələrində aydın şəkildə görmək mümkündür. Muzeyin giriş hissəsində Rahib Məmmədovun xatirə əşyaları sərgilənir. Onun qəhrəmanlığı haqqında qardaşı, eyni zamanda muzeyin rəhbəri olan Sahib Məmmədov məlumat verib. Bildirib ki, Rahib Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib. R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib adlandırıblar. Onun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Mahrızlı kəndində muzey yaradılıb. Burada onun şəxsi əşyaları, haqqında çıxan qəzet, jurnal, kitablar sərgilənir. Bununla yanaşı muzeydə, Qarabağ döyüşlərində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktublar, hərbi geyimləri nümayiş etdirilir. Həmçinin muzeyin fondunda qarabağ müharibəsi 1992 -ci və 2020 -ci illər Azərbaycan xalqının döyüş rəşadətini əks etdirən yüzlərlə eksponat toplanmışdır. Bu eksponatlar xalqımızın, xüsusən gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsində, qüdrətli və təsirli vasitə kimi böyük əhəmiyyəti var. Bu eksponatlar düşmənə dərin nifrət, vətənə sonsuz məhəbbət hissi aşlayır. Şübhəsiz ki, gənclərimizin vətənə olan məhəbbət hisslərinin artırılmasına zəmin yaradan layihələrə cəlb edilməsi, onlarda vətənpərvərlik tərbiyəsinin aşılanmasına təkan verəcəkdir. Məhz “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsinin də bu istiqamətdə əhəmiyyətli olacağını düşünmək olar.
Qeyd edək ki, Ağdam rayonuna ekskursiya planına salınmış muzey rəhbərləri ilə görüş zamanı S.Ələkbərova onlara Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşirlərini təqdim edib və layihənin keçrilməsinə dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.