XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
29 Avqust, 2021
Muzey əməkdaşının 65 illik yubileyidir

Avqustun 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılovun 65 yaşı tamam olur.

Bəxtiyar Sayılov Salyan şəhərində anadan olmuş, ali təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində almışdır. 1979-1981-ci illərdə Salyan rayonunda müəllim işləmiş, 1982-1990-cı illərdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır. 1984-1986-cı illərdə Moskva şəhərində SSRİ EA-nın Etnoqrafiya İnstitutunda elmi təcrübə keçmişdir. 1989-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. B.Sayılov 1991-2004-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır.

2006-cı ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyində işləyən B.Sayılov muzeyin Heraldika elmi fond şöbəsinin aparıcı elmi işçisi, şöbə müdiri, Sərgilərin təşkili və elmi nəşrlər şöbəsinin müdiri, Elmi maarifləndirmə və ekskursiyaların təşkili şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Onun yaxından iştirakı və təşkilatçılığı ilə muzeydə bir neçə sərgi, beynəlxalq və respublika səviyyəli elmi konfranslar və tədbirlər keçirilmişdir. Son illərdə isə B.Sayılovun rəhbərlik etdiyi Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsi muzeyə gələn yerli və əcnəbi ziyarətçilərə tariximizin və mədəniyyətimizin tanıdılması istiqamətində uğurlu iş aparır.

B.Sayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Muzeyin kollektivi Bəxtiyar müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayır!