Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın çox qədim tarixə malik olan bölgələrindəndir. Bölgə 1, 2 mln il yaşlı insanın yaranma beşiklərindən biri Azıx mağarasının, dünya arxeologiya elmi tərəfindən ilkin mədəniyyət mərkəzi kimi qəbul edilən “Quruçay mədəniyyəti”nin, Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab olunan Üzərliktəpənin tarixi vətənidir.
XX əsrin 90-cı illərindən üzü bəri bölgə dünyada həm də münaqişə ocağı kimi tanınmış, zorla cəlb olunduğumuz müharibə Qarabağ həqiqətlərini, haqlı davamızı dünyaya bəyan etmək üçün Qarabağın tarixinin, mədəni irsinin dərindən öyrənilməsi və təbliği günün tələbinə çevirmişdir. Bu sahədə ölkənin ilk muzeyi olan 101 yaşlı Milli Azərbaycan Tarixi Muzeyi zəngin material bazası və təbliğat obyektlərindən biri rolunu oynamışdır.
Milli Azərbaycan Tarixi Muzeyində Qarabağa aid ən qiymətli material hesab edilən, 350-400 min il yaşı olan azıxantropun alt çənə sümüyündən tutmuş XXI əsrin əvvəllərinə qədərki dövrü əhatə edən yüzlərlə material toplanmışdır. Muzeyin bütün fondlarında Qarabağın tarixinə, mədəni irsinə aid materiala rast gəlmək mümkündür. Bu fondlar arasında ən zəngini Etnoqrafiya fondudur. Fondun xalça kolleksiyasında Qarabağa məxsus 140 saxlama vahidi xalça və xalça məmulatı qorunur. Bütün bu xalçalar 2013-cü ildə “Qarabağ xalçaları” adı altında kataloq şəklində nəşr olunmuşdur. Elmi redaktoru akademik Nailə Vəlixanlı olan kataloqun mətnində Qarabağ xalçalarının tarixi Qarabağdan əldə edilən arxeoloji tapıntılar əsasında araşdırılır və belə nəticəyə gəlinir ki, bəhs olunan bölgə Qafqaz xalçalarının vətənidir. Burada yerli qoyun cinslərinin verdiyi bol xammal, boyaq maddələrinin və bitkilərin zəngin çeşidi, əhalinin yaradıcılıq qabiliyyətinin, empirik biliklər sisteminin xalçaçılığın inkişafında oynadığı müsbət rol işıqlandırılmışdır. Kataloqun əhəmiyyətli cəhətlərindən biri burada xalçaçılıqla Qarabağın əzəli sakinlərinin - türklərin məşğul olmasının faktlarla əsaslandırılmasıdır. Azərbaycan xalçalarının ermənilər tərəfindən saxtalaşdırılması, özününküləşdirilməsi kataloqda tutarlı faktlarla sübut edilir.
Qarabağ xalçaları haqqında alternativ kataloqlar nəşr olunsa da, yeganə olaraq Milli Azərbaycan Tarixi Muzeyinin kataloqunda ilk dəfə xalçaların boya analizi təqdim edilmişdir. Boya analizləri Türkiyə Respublikası Kültür vakfının dəstəyi ilə professor Receb Karadağ və doktor Türkan Yurdun tərəfindən aparılmışdır.
Kataloqun nəşrindən keçən müddətdə kolleksiyaya Qarabağ xalçalarının yeni nümunələri daxil edilmişdir. Onlar arasında Bakı əsilli İsrail vətəndaşı Rauf Salikoyeviç Zarbailovun muzeyə hədiyyə etdiyi XIX əsrə aid Malıbəyli xalçası böyük maraq cəlb edir. Muzey qaydalarına əsasən hər hansı bir əşya kolleksiyaya daxil edilərkən onun bədii və tarixi əhəmiyyəti əsas etalon kimi götürülür. Hədiyyə olunan xalçanın ilkin forması yüksək bədii və tarixi dəyərə malik olsa da, hal-hazırkı vəziyyəti onun muzey kolleksiyasına qəbul olunmasına imkan vermirdi. Belə ki, xalça çox işləndiyi üçün xovu tamamilə yeyilmişdi. Lakin onun mənəvi dəyərinin misilsiz dərəcədə yüksək olması xalçanın kolleksiyaya daxil edilməsini şərtləndirdi. Dünyanı dolaşan xalça belə bir fikri simvollaşdırırdı: sanki vətəndən kənarda ömür sürən insanlar kimi yurd həsrəti çəkmiş, son nəfəsini yurdunda vermək üçün səbrlə gözləmiş və nəhayət, yurduna dönmüşdü (eynilə onu dünyaya ötürən torpağın sakinləri kimi). Digər tərəfdən vaxtilə Bakıdan öz istəyi ilə köçən bir sabiq vətəndaşımız Azərbaycana məhəbbətini, minnətdarlığını nümayiş etdirirdi. İsrail dövlətinin Azərbaycan müstəqilliyini elan etdikdə onu ilk tanıyan dövlətlərdən biri olmasında, bu gün Azərbaycanın haqq işinə öz qardaşlıq köməyini göstərməsində şübhəsiz ki, Azərbaycanda yaradılmış münbit multikultural mühitin, digər etnik azlıqların sırasında dağ yəhudilərinə göstərilən dövlət qayğısının, onların yerli əhali ilə dost və qardaşlıq şəraitində yaşamalarının müəyyən rolunun olması danılmazdır. Xalça İsrail-Azərbaycan dostluğunu özündə bariz şəkildə təcəssüm etdirir.
Kataloqdan başqa, Etnoqrafiya fondunun kolleksiyasında olan Qarabağ xalçaları ayrı-ayrı tədqiqat əsərlərində işıqlandırılmış, radio-televiziya verilişlərində, digər mətbuat orqanlarında onların haqqında dəfələrlə bəhs edilmişdir. Xüsusən iki xalça öz süjetinə görə daha çox müraciət olunan materiallardandır. Çünki bu xalçalar günün reallıqları ilə səsləşir. Süjetinə uyğun olaraq onlardan biri “Türk komandanları”, digəri isə “Balama qurban” adlandırılmışdır. Qarabağ xalça məktəbinə məxsus süjetli xalçaların nadir bir variantı kimi bu xalça 1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökumətinin dəvəti ilə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunmuşdur. Xalçanın haşiyələrindən birinə naməlum şairin fars dilində yazdığı şeir toxunmuşdur. Şeir xalça üzərinə toxunarkən texniki qüsurlara yol verildiyindən mətn tam oxunmur. Şerin Azərbaycan dilində mətni belədir:
“Zəmanə içrə... mövcud edib səni yaradan,
Ənvərin adı ilə düşmənin qəlbi parçalanır,
Mərdliklə əlinə parlayan qılıncını alıb ildırım kimi vurub.
Tək canıyla bağırıb nərildəyir: Allahu Əkbər
Mərdliklə hücum edir düşmənə, salır onların canına titrətmə
Böyük bir meydanda at çapdırır,
Qırıb düşmənin başın töküb meydana.”
Digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunmuş, mərkəzi hissəsinə 1916-cı ilə aid fotoşəkil olduğu kimi həkk olunmuşdur. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilərin “Cənabi möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan Məhəmməd Rəşidxan Xamis həzrətləri” olduğu aydınlaşır. “Balama qurban” xalçasının üzərində isə yuxarı başda kiril hərfləri ilə “Balama qurban olum” ifadələri yazılmış, mərkəzdə türk paşalarının rəsmləri toxunmuşdur. “Balama qurban olum” ifadələri məhz türk komandanlarının, əsgərlərinin Azərbaycanda xilaskarlıq fəaliyyəti ilə əlaqədar olaraq onlara ünvanlanmışdır. Bu ifadələr xalçanın yaşlı qadın tərəfindən toxunduğuna dəlalət edir, eyni zamanda qədirbilən Qarabağ əhalisinin öz xilaskarlarına minnətdarlıq hissinin nümayişinin ilmələrin dili ilə təcəssümüdür. 102 il əvvəl Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı 2020-ci ildə yenidən təkrar edildi və bu gün də xalqımız və dövlətimiz həmin köməyi yüksək səviyyədə dəyərləndirir. Təəssüf ki, xalçanın üzərində ərəb əlifbası ilə yazılmış mətnin oxunmasına ayrı-ayrı mütəxəssislər tərəfindən cəhd göstərilsə də, nəticə hasil olunmamışdır. Hər iki xalça yüksək bədii və texniki göstəricilərə malik olmasa da, misilsiz tarixi-mənəvi dəyərə sahibdir. Məhz bu cəhətlərinə görə muzeyin kolleksiyasına 2008-ci ildə daxil olan bu nümunələrə digər xalçalara nisbətən məlumat daşıyıcısı kimi daha çox müraciət edilmişdir. Qarabağ zəfərindən sonra Şuşada açılan sərgidə nümayiş üçün muzeyin kolleksiyasından vətəninə ilk “səfər edən” də məhz dövrün ruhuna uyğun məlumat yükünə malik həmin xalçalar oldular.
Etnoqrafiya fondunun zəngin kolleksiyası arasında geyimlər xüsusi yer tutur. Geyimlər maddi mədəniyyətin elə bir növüdür ki, onun vasitəsilə təkcə xalqın maddi-mədəni səviyyəsini, zövqünü deyil, həm də etnogenezini öyrənmək mümkündür. Bu baxımdan Qarabağ əhalisinin XIX-XX əsrin əvvəllərində istifadə etdiyi geyimləri öyrənməklə onların maddi-mədəni səviyyəsini, qonşu xalqlarla ticarət-iqtisadi, etno-mədəni əlaqələrini, eyni zamanda azərbaycanlıların bu torpaqların əbədi sakinləri olduğunu söyləmək mümkündür. Milli Azərbaycan Tarixi Muzeyinin geyim kolleksiyası sadaladığımız məsələlərin öyrənilməsində çox mühüm elmi bazadır. Bütün ölkə muzeyləri ilə müqayisədə yeganə olaraq Milli Azərbaycan Tarixi Muzeyində ənənəvi xalq geyimlərinin zəngin kolleksiyası toplanmışdır. Bu kolleksiyanın böyük hissəsini Qarabağ geyimləri təşkil edir. Fondda mühafizə olunan 99 qadın arxalığından 59-u, 61 çəpkəndən 50-si məhz Qarabağa aiddir. Kolleksiyanın tərkibinə Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi Xurşud Banu Natəvana məxsus tumanlar, başmaqlar, köynək, arxalıqları və s., yenə də xan ailəsinə məxsus geyim dəsti, çuxa, çəpkən, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəylinin anası Şirin xanıma məxsus kostyum və çəpkən, Kəbirlinskilər ailəsinə məxsus çəpkənlər, eyni zamanda fondun nadir materiallarından hesab olunan cıqqalar (kəkillər), Əfşarlara məxsus çəpkən, Mehmandarovlar ailəsinə məxsus çuxa və s. daxildir. Qeyd edək ki, Xurşud Banu Natəvana aid şəxsi əşyalar 2012-ci ildə onun 180 illik yubileyi ilə əlaqədar ilk dəfə kataloqlaşdırılmışdır. Kataloqa daxil olan 28 əşyadan 9-u geyim elementidir.
MATM Arxeologiya, Etnoqrafiya və Xüsusi fondlarında yer alan Qarabağa aid geyim kolleksiyası və bəzəkləri Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “Şuşa qrantı” layihəsi çərçivəsində ilk dəfə kataloqlaşdırılmışdır. Kataloqa ümumilikdə muzeyin fondlarından 243 saxlama vahidi geyim və geyim bəzəyi daxil edilmişdir. Ölkənin aparıcı Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Qarabağın tarix diyarşünaslıq muzeyləri (Ağcabədi, Bərdə) üzrə toplanan materiallar arasında Milli Azərbaycan Tarixi Muzeyinin materialları böyük üstünlük təşkil edir.
MATM Etnoqrafiya fondunda mühafizə olunan faktik materiallar əsasında ilk dəfə tərəfimizdən Bakı-Şirvan və Qarabağ çəpkənlərinin fərqi aşkara çıxarılmışdır. Bu geyimlər bədəninin uzunluğuna və çapıqlarının formasına görə bir-birindən fərqlənir. Qarabağ çəpkənlərinin ümumi uzunluğu 43 sm-dən 57 sm-ə qədər, yan çapıqları (yarmacları) 2 sm-dir. Bakı-Şirvan çəpkənlərinin boyu 56-63 sm-ə qədər, yan çapıqları isə 8-10 sm-ə çatır. Əgər diqqət yetirilsə, Bakı-Şirvan çəpkənləri çapıqlarının formasına görə Osmanlı saray kaftanlarına çox yaxındır, başqa sözlə, atma qollarını çıxmaq şərtilə onların gödəldilmiş formasıdır. Qarabağ çəpkənləri isə qədim dövr çəpkənlərinin (kaftanın) formasını özündə yaşadır. Dövr baxımından daha qədim olan, bütün orta əsrlər boyunca istifadə olunmuş uzunətək çəpkənlər XIX əsrin əvvəllərində ətəyi kəsilərək gödəldilmiş, artıq XIX əsrin sonlarından etibarən isə sıradan çıxmış, arxalıqlar ön plana keçmişdir.
Fondda qorunan Qarabağ arxalıqlarının, eyni zamanda bölgəyə aid fotoşəkillərin müqayisəli analizi sayəsində bu vaxtadək elmi ədəbiyyatda Qarabağ arxalığı kimi təqdim olunan oyma yaxalı arxalığın daha qədim növü tərəfimizdən aşkarlanmış və elmi dövriyyəyə daxil edilmişdir. Elmi ədəbiyyatda bəzən oyma yaxalı arxalıqla zanbaq yaxalı arxalıqlar eyni geyim kimi təqdim olunur. Əslində isə oyma yaxalı arxalıqlar dövr etibarilə daha qədimdir və digər arxalıqdan fərqlənir. Fond materialı əsasında müəyyən olundu ki, Qarabağ arxalıqlarının ilkin forması oyma yaxalı, uzun və büzmə ətəkli olmuşdur. Etnoqrafiya fondunda mühafizə olunan arxalığın timsalında fikrimizi təsdiqləyə bilərik. Arxalığın yaxası geniş, dairəvi formadadır, ətəyi digər Qarabağ arxalıqlarına nisbətən uzun (22 sm) və büzməli qolu isə dirsəyə qədərdir. Ətək biçimi fondun nadir materiallarından biri olan Xurşud Banu Natəvanın arxalığı ilə identikdir. Geyimin bu əlaməti digər bölgələrə xas arxalıqlarla da (Bakı-Şirvan, Quba arxalıqları da uzun büzməli ətəyə sahibdir) oxşardır. Fotoşəkillərdə arxalığın uzun qollu formasına da rast gəlinir (eynilə Bakı-Şirvan arxalıqları da büzməli uzun ətəyə malikdir). Arxalığın əl tikişi ilə ərsəyə gətirilməsi onun digər arxalıqlara nisbətən daha qədim olduğunu göstərən tutarlı faktlardan biridir. Digər bir əlamət arxalığın yaxa kəsiyinin eynilə kişi çuxaları və digər bölgələrə xas qadın arxalıqları və küləcələrlə eyni biçim üsulunda olmasıdır. Belə ki, arxalığın yaxa kəsiyi zanbaq yaxalı arxalıqlardan fərqli olaraq bütöv, yəni düzyaxa biçimlidir, ön laylar boyundan ətəyə kimi çatır, büzmələr yaxa kəsiyinə birləşərək bel dairəsi boyunca uzanır.
Fond materialları Qarabağ arxalıqlarının inkişaf dinamikasını əyani şəkildə izləməyə imkan verir. Belə ki, Qarabağda XIX əsrin əvvəllərində oyma yaxalı, büzmə və uzun ətəkli, düzyaxa biçimli, daha sonra zanbaq yaxalı, uzun ətəkli və uzun, sadə qollu, XIX əsrin sonlarından isə zanbaq yaxa, gödək (10-12 sm) və qatlama ətəkli, nilufər və ya Avropa biçimli qola malik arxalıqlar dəbdə olmuşdur.
XIX əsrin sonlarına doğru oyma yaxalı arxalıqlar həm qadın, həm də kişi geyim dəstindən çıxmış, kişi arxalıqları daha ciddi, qadın arxalıqları isə daha müasir forma kəsb etmiş, qol, ətək və yaxasına Avropa elementləri əlavə olunmuşdur. Zanbaq yaxalı arxalığın XIX əsrin sonlarından dəbə gəlməsi fikrinə fond materiallarının əyani şəkildə analizi və dövrə aid fotoşəkillər əsasında gəlinmişdir. Fondda mühafizə olunan 50-dən çox zanbaq yaxalı arxalıqların demək olar ki, hamısı tikiş maşını ilə tikilmişdir. Bölgəyə aid fotoşəkillərin hamısında yenə də zanbaq yaxalı arxalıq müşahidə olunur. Fotoşəkillərin XIX əsrin sonları, əsasən də XX əsrin əvvəllərinə aid olması fakt olaraq fikrimizi təsdiqləyir. Həmin arxalıqlar yığcamlığı, uzun tumanla geyilmək üçün mütənasib biçimliliyi ilə seçilirdi. Onu digər bölgələrin, eyni zamanda bölgənin özünün eyni adlı geyim tiplərindən üç əlamət ayırır: yaxasının buta və ya zanbaq formalı olması və ona xırda qırçınların əlavə edilməsi, qatlama ətəyi və nilufər qolları. Bu dövr istifadə olunan arxalıqların yaxası Osmanlı sarayında geniş yayılmış “lalə dövrü” incəsənətinin təsiri altında yaranan geyimlərin formasına uyğun olub, lalə və ya zanbaq yaxalıdır. Ətək forması isə 10-12 sm uzunluğunda qatlamalardan ibarətdir. Bu arxalıqların “nilufər” adlanan qolu isə Avropa biçim üsulundadır. Qeyd edək ki, Azərbaycan milli qadın geyim dəstində Avropalaşma meylləri ilk olaraq Qarabağ arxalıqlarında öz əksini tapmışdır. Ətəyi qatlamalı olduğu üçün bəzən “çərkəzi arxalıq” adlandırılan Qarabağın son dövr arxalıqlarını əslində həmin geyimlərlə heç bir əlamət bağlamır. Qarabağa aid bu arxalıqların əksəriyyətinin yaxasına 1-2 sm enində eyni materialdan (nadir hallarda güpürdən) xırda qatlamalı qırçın əlavə olunur. Bu qırçınlar bəzən qol ağzına da verilərək (4-5 sm) geyimdəki həmahəngliyi tamamlayır.
Etnoqrafiya fondunda mühafizə olunan geyimlərin araşdırılması sayəsində belə bir qənaət əldə olundu ki, qadın arxalıqları ilə kişi arxalıqları arasında əksər hallarda cüzi fərqlər vardır və ya əksinə, bəzi hallarda qadın arxalıqları kişi arxalıqlarını təkrarlayır. Q.Qaqarinin çəkdiyi “Qarabağ bəyi” rəsmində müşahidə olunan dördkünc yaxalı, uzunətək arxalıq Bakı-Şirvan qadınlarının geyim dəstində XX əsrin əvvəllərinə kimi əsas yer tutmuşdur. Etnoqrafik ədəbiyyatda kişi geyimi kimi qeydə alınan “oyma yaxalı” arxalıqlar isə qeyd etdiyimiz kimi Qarabağın, eləcə də Şirvanın qadın geyim dəstində yer almışdır. Fondda qorunan 1 saxlama vahidi Qarabağa aid yeganə kişi oyma yaxalı arxalığı haqqında bəhs etdiyimiz 3669 inventar saylı arxalıqla eyni biçimdədir (kişi arxalığının sinə kəsiyi nisbətən kiçikdir).
Arxalıqların əsasən tikiş maşını ilə tikilməsi də fikrimizi bir daha təsdiq edir. Məlumdur ki, sənaye istehsalı olan tikiş maşınları Azərbaycana XIX əsrin sonlarından etibarən gətirilməyə başlamışdı. Faktik materialların araşdırılması maraqlı bir cəhəti ortaya çıxarır. Çəpkənlərin böyük əksəriyyəti əl tikişi ilə, arxalıqlar isə tikiş maşını ilə tikilmişdir. Bu isə onu göstərir ki, XIX əsrin sonlarında artıq çəpkənlər dəbdən düşmüş, zanbaq yaxalı arxalıqlar əsas geyim elementinə çevrilmişdir. XIX əsrin sonlarından etibarən arxalıqlar dəbə düşmüşdür. Bu fikri həmin dövrə aid fotoşəkillər də təsdiqləyir. Bu dövrə aid fotoşəkillərdə məhz arxalıqlarla rastlaşırıq, nadir hallarda çəpkən və küləcə müşahidə olunur.
Orta əsrlərdən XIX əsrin ikinci yarısına kimi geyim mədəniyyətində önəmli yerə sahib olan çəpkən türk xalqlarının ortaq mənəvi və maddi dəyərlərə sahiblik etdiyini göstərən əsas maddi faktlardan biridir. Bu geyim növü formasındakı, naxış elementlərindəki fərqliliyi nəzərə almasaq, tipoloji cəhətdən türk xalqları arasında geniş yayılan eyniadlı geyimin bir növüdür. Azərbaycan, eləcə də türk dünyasının geyim mədəniyyətinin öyrənilməsində Etnoqrafiya fondunda qorunan XVIII əsrə aid çəpkən nümunəsi çox böyük önəm daşıyır. Əfşar çəpkəni kimi tanınan bu geyim Cənubi Azərbaycanda da istifadə olunmuşdur. Qacar dövrü rəsmlərində, Metropoliten muzeyində geyimin analoqlarına rast gəlmək mümkündür. Geyim elmi ədəbiyyatda çəpkən-nimtənə kimi də qeyd olunur. Tarixi əhəmiyyəti, yüksək bədii dəyəri nəzərə alınaraq geyim nadir incilər sırasında muzeyin 90 illiyi ilə əlaqədar nəşr olunmuş kitab-alboma arxalıq adı ilə daxil edilmiş, lakin bölgəsi qeyd olunmamışdır. Bundan əvvəl geyim 1972-ci ildə nəşr olunmuş kitab-alboma Bakı arxalığı kimi daxil edilmişdir. Lakin geyimin forması onun arxalıq olduğunu qəti şəkildə təkzib edir. Geyimin yan çapıqları, atma qolları çəpkənə xasdır. Bakı çəpkəni ilə Qarabağ çəpkənləri arasındakı fərqləri nəzərə alsaq geyim tamamilə Qarabağ çəpkənləri ilə eyniyyət təşkil edir. Bundan başqa Qarabağda apardığımız çöl tədqiqatları əsasında əldə etdiyimiz məlumatlar da fikrimizi təsdiqləyir. Məlumata görə imkanlı təbəqənin üzvləri, saray mühitində yaşayan dövlət adamları dizə qədər uzun, dəbdəbəli çəpkənlər geyinirdilər. Əfşarların Azərbaycan ərazisində əsas məskunlaşma ərazisinin Qarabağ olduğunu da nəzərə alsaq geyimin məhz Qarabağa aid olması haqqındakı fikrimiz məntiqli olar.
Qarabağın zəngin mədəniyyətə sahib olduğunu beynəlxalq aləmdə təbliğ etmək məqsədilə çəpkənin tərəfimizdən İngiltərədə nəşr olunan “The Journal of Dress History” jurnalının üz qabığında nəşr olunmasına nail olunmuşdur. Jurnalda fotoşəkillə yanaşı geyim haqqında qısa annotasiya da verilmiş, geyimin bütün türk dünyasında geniş yayılması, türk dünyasının tərkib hissəsi olan Qarabağda da istifadə olunması vurğulanmışdır.
Geyim mədəniyyətinin formalaşması və inkişafı həmçinin etnik-mədəni və ticarət-iqtisadi əlaqələrin durumundan da asılı olmuşdur. Qarabağ Azərbaycanın dəb mərkəzi olmuş, burada yerli əhalinin istifadəsində olan geyimlər ətraf bölgələrin geyim mədəniyyətinə öz təsirini göstərmişdir. Fond materialları belə deməyə əsas verir ki, Qarabağa məxsus arxalıqlar Qərbi Azərbaycanın Dərələyəz mahalında da istifadə olunmuşdur. Bölgənin Kədikvəng kəndinə aid XIX əsrin sonu - XX əsrin əvvəllərində istifadə olunan arxalığa yerli detallar əlavə olunsa da, forma baxımından Qarabağ arxalığını eynilə təkrarlayır. Geyimin adının “büzmə” adlanması da Qarabağ etnoqrafik leksikası ilə uyğundur. Qarabağda qadın arxalığının formasına uyğun olan kişi çuxaları da “büzmə” adlanırdı. Yuxarıda qeyd edildiyi kimi, qadın arxalıqları ilə kişi arxalıqları eynidir.
Göründüyü kimi, gətirdiyimiz faktlar Qarabağın geyim mədəniyyətinin ümumtürk, ümumazərbaycan geyim mədəniyyətinin tərkib hissəsi olduğunu göstərir. Qarabağ geyimlərinin, ümumilikdə mədəni irsinin öyrənilməsində isə MATM kolleksiyasının mühüm əhəmiyyət daşıdığı danılmazdır.
Fond kolleksiyasında yer alan Qarabağ geyimləri dəfələrlə beynəlxalq sərgilərdə nümayiş olunmuş (Çexiya, Almaniya, Norveç), Qarabağ mədəniyyətinin dünyaya çatdırılması yolunda maddi dəlil kimi istifadə edilmişdir. Bununla yanaşı, Qarabağ xalçaları, tikmələri, bəzəkləri ilə yanaşı bölgəyə məxsus geyimlərin bir qismi də Heydər Əliyev Fondunun Qarabağ mədəni irsi ilə bağlı hazırladığı kataloq üçün təqdim olunmuşdur.
Fondun zəngin tikmə kolleksiyasında da Qarabağa məxsus materiallar öz orijinallığı, yüksək bədii dəyəri ilə diqqət cəlb edir. Bu nümunələr arasında yüksək ustalıqla, məxmər parça üzərində güləbətin tikmə üsulu ilə naxışlanmış divar bəzəyi, eyni üsulla ərsəyə gətirilmiş Qarabağ xanlarına məxsus yəhərüstülər, muncuq tikmə üsulu ilə yerinə yetirilmiş çəpkən qolçağı və s. onlarla misilsiz sənət əsəri Azərbaycan mədəni irsini zənginləşdirən nümunələrdir. Fondda qorunan Şuşada hazırlanmış iki ədəd tikmə nümunəsi isə öz kreativliyi ilə seçilir. Onlardan biri baramalarla bəzədilmiş quranqabı, digəri təbii insan tükü, ceyran dərisi və ipək parçalarla qondarma tikmə üsulunda hazırlanmış divar bəzəyidir. Quranqabının üzərinə bəzək tərtibatının verilməsində baramalardan kəsilmiş müxtəlif fiqurlarla (gül ləçəyi, yarpaq, gül və s.) yanaşı məlilə və piləklərdən də istifadə edilmişdir. Divar bəzəyi dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kiçik bir səhnənin təsviridir. Məcnun obrazının yaradılmasında təbii insan tükündən, ceyran dərisi və ipək parçadan, Leyli obrazının yaradılmasında isə yenə də ipək parça və təbii insan tükündən istifadə olunmuşdur. Bütün bunlar o dövr tikmə sənəti üçün bir yenilik idi və Azərbaycan muzeylərinin kolleksiyasında onların analoquna rast gəlinmir.
Qarabağda, xüsusən Şuşada tikmə yaradıcı sənət sahəsi kimi inkişaf etmişdi. Tikmə sənəti ilə əsasən yüksək təbəqə nümayəndələri məşğul olurdu. Etnoqrafiya fondunda qorunan Xurşud Banu Natəvana məxsus əl işləri fikrimizi təsdiq edir. Onun əl işləri Azərbaycan tikmə sənətinin gözəl nümunələri hesab edilə bilər. 7 s.v. nümunədən ibarət olan bu tikmələr X.B.Natəvana həsr olunmuş adı çəkilən kataloqa daxil edilmişdir. Bundan başqa, Tiflisdə keçirilən sərgidən bəhs edən A.S.Piralov şuşalı Böyükxanım Əbrəxanovanın ərsəyə gətirdiyi çox nəfis güləbətin tikməli bir namazlığın adını heyranlıqla çəkir. Həmin tikmənin müəllifi Şuşanın məşhur Əbrəxanovlar ailəsinin üzvü idi.
Muzeyin zəngin kolleksiyası arasında Qarabağa məxsus musiqi alətləri də yer alır. Kolleksiyaya dünyaca məşhur muğam sənətimizin korifeylərindən Cabbar Qaryağdıoğlunun və Xan Şuşinskinin qavalları, Şərqdə ilk operanın müəllifi dahi bəstəkar Ü.Hacıbəylinin əlyazması, maestro Niyazinin tarı və s. şəxsi əşyaları, Zülfüqar Hacıbəyovun kamançası və tarı, bundan başqa Qarabağda hazırlanmış tarbəndlik sənətinin misilsiz nümunələri mühafizə olunmaqdadır.
Fondda, ümumiyyətlə, Azərbaycanda ən qədim hesab edilən bir tar nümunəsi isə xüsusilə diqqəti cəlb edir. İnventar kitabında yazılan qeydə görə tarın üzərində ərəb əlifbası ilə “1744”-cü il tarixi, ustanın adı “Samson” və “Şuşa şəhəri” yazılmışdır. Tarı tədqiq edən mütəxəssis S.Abdullayeva həmin qeydi təəssüf ki, analiz etmədən elmi dövriyyəyə daxil etmişdir. Əslində isə qeyd edilən məlumat tarın üzərində yoxdur. İnventar kitabda yazılan məlumatda bir neçə şübhəli məqam vardır. Birinci, tarixi mənbələr Şuşanın bünövrəsinin qoyulmasını 1750-1751-ci illərə, əhalinin məskunlaşmasını isə 1756-cı ilə aid edir. Yalnız şəhər kimi formalaşdıqdan sonra ətraf ərazilərdən müxtəlif sənət sahibləri Şuşa şəhərinə axışmağa başlamış, muğam sənəti XIX əsrdə yüksək səviyyədə inkişaf etmişdir. Həm də ilkin dövrlərdə şəhər Pənahabad, sonralar isə Şuşa adlandırılmışdır. İkincisi, qeydin ərəb əlifbası ilə yazılmasının göstərilməsi də şübhə doğurur. Belə bir yazı olsaydı yəqin ki, erməni əlifbasında olardı. Ən mühüm məqam isə tarın pərdə və simlərinin Sadıqcanın XIX əsrin ortalarında təkmilləşdirdiyi tara uyğun olmasıdır. XVI-XVIII əsrlərə aid bütün miniatürlərdə iri çanaqlı, diz üstə çalınan tarlar müşahidə edilir. Xatırladaq ki, tar 1956-cı ildə Bakı şəhərində yaşayan A.Avanesyandan satınalma yolu ilə alınmışdır. Ola bilsin ki, məlumat da inventar kitaba bir erməni saxtakarlığı nəticəsində daxil edilmişdir.
Ümumiyyətlə, MATM kolleksiyasında qorunan bütün bu sənət nümunələri Qarabağın zəngin bir mədəniyyətə sahiblik etdiyinin, ümumazərbaycan, ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunun faktik materiallarla isbatıdır.
Qarabağ mədəni irsinin təbliğatı ekspozisiya və sərgilər vasitəsilə mütəmadi olaraq həyata keçirilmişdir. Belə ki, ekspozisiya zallarında Qarabağa məxsus materialların nümayişi daim diqqət mərkəzində saxlanılır. Daimi ekspozisiyada yer alan Qarabağ xanı Pənahəli xanın başdaşı, İbrahimxəlil xanın şeşpəri, Şuşa qalasının açarı, Pənahəli xanın zərb etdirdiyi “pənahabadi” adlı sikkə, Mehdiqulu xana hədiyyə olunan bayraq və s. materiallar Qarabağ tarixinin öyrənilməsində, bölgənin türklərə məxsusluğunun tutarlı bir sübutu kimi, çox böyük tarixi əhəmiyyətə malik mənbələr olaraq daimi ekspozisiyada nümayiş etdirilir. Bundan başqa istər ekspozisiyada, istərsə də sərgilərdə müxtəlif mövzuların təqdimatı zamanı Qarabağa aid materiallara daim üstünlük verilir.
Qarabağın mədəni irsinin geniş şəkildə nümayişi 2010-cu ildə təşkil olunmuş “Qarabağ- Azərbaycanın qədim mədəniyyət ocağı” sərgisndə həyata keçirilmişdir. Etnoqrafiya elmi fond şöbəsinin ideyası və təşkilatçılığı, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə həyata keçirilmiş sərgidə Azıx mağarasından başlamış Qarabağ müharibəsinə qədərki dövr öz əksini tapmışdır. Sərgi “Qarabağın arxeologiyası”, “Qarabağ xalçaları”, “Qarabağ zərgərlik sənəti”, “Qarabağın milli geyimləri”, “Qarabağın musiqisi xəzinəsi”, “Qarabağ tikmələri”, “Qarabağ sikkələri”, “Qarabağ atı”, “Qarabağ rəsm əsərlərində və fotolarda”, “Qarabağ nəşrlərdə”, “Qarabağ müharibəsi” tematik planı əsasında qurulmuşdu. Sərgidə Etnoqrafiya fondundan seçilən 100-ə qədər eksponatdan başqa, Arxeologiya, Hədiyyələr və xatirə əşyaları, Xüsusi, Neqativ, Sənədli mənbələr, Silahlar və bayraqlar, Faleristika və qliptika fondlarının, həmçinin muzeyin nəzdində fəaliyyət göstərən kitabxananın kolleksiyasından 100-dən çox material nümayişə çıxarıldı. O vaxtadək muzeyin kolleksiyasında yalnız bir Qarabağ şəhidinin materialı mövcud idi. Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini sərgi vasitəsilə xarici qonaqların diqqətinə çatdırmaq imkanından yararlanmaq üçün belə materiallara ehtiyac vardı. Bu məqsədlə sərginin təşkili gedişində daha 3 şəhidin materialı muzeyə cəlb edildi və nümayişə çıxarıldı.
Azərbaycan muğamının beşiyi hesab edilən Qarabağda bu sənətin ənənəvi olaraq nəsillərdən-nəsillərə ötürülməsi ideyasını təlqin etmək üçün sərginin açılışına Azərbaycan Respublikasının xalq artisti, “Şərəf” ordenli Mənsum İbrahimov, gənc nəslin nümayəndəsi, əməkdar artist, I muğam müsabiqəsinin qalibi, I muğam festivalının qran-prisinin sahibi Təyyar Bayramov və Mənsum İbrahimovun tələbəsi, 9 yaşlı muğam ifaçısı Mirpaşa Şükürov dəvət edildi (2012-ci il televiziya muğam müsabiqəsinin qran-prisinin sahibi) və simvolik olaraq muğam korifeylərindən biri Cabbar Qaryağdıoğlunun adı çəkilən qavalı ilə “Qarabağ şikəstəsi” ifa olundu.
Nəhayət, 2020-ci ilin 27 sentyabrında yenidən alovlanan müharibə Azərbaycanın böyük zəfərilə başa çatdı və hələ 44 günlük müharibənin gedişində şəhid materiallarının toplanmasına başlanıldı. MATM rəhbərliyi tərəfindən hələ müharibənin gedişi dövründə Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovun təklif etdiyi “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin təşkilinin təmin olunması üçün şəhid materiallarının toplanması işinə bütün muzey əməkdaşlarının cəlb edilməsi haqqında göstəriş verildi. Az bir müddətdə muzeyə daxil olan materialların çoxluğu və müxtəlifliyi Vətən Müharibəsi Fondunun yaradılması zərurətini ortaya qoydu. Bu baxımdan muzeyin Elmi şurası muzeydə tarixi qələbəmizi əks etdirən bu materialların toplanması, qorunması, öyrənilməsi və təbliği üçün yeni fondun yaranması ilə bağlı mühüm qərar verdi və 2021-ci ilin yanvar ayında MATM-da Vətən Müharibəsi Fondu təsis edildi. Qısa müddət ərzində muzeyin müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkədə əhaliyə müraciət etdilər və eləcə də ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və s. toplanması işinə başladılar. Eyni zamanda ANAMA, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə danışıqlar nəticəsində Gəncə və Bərdə rayonlarına atılan raketlərin qalıqları muzeyə cəlb edildi. Muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoglu müdriyyət tərəfindən cəbhə bölgəsinə ezam olundu və onun çəkdiyi orijinal fotolar sərginin materialları arasına daxil edildi. Muzey rəhbərliyi və əməkdaşların gərgin əməyi sayəsində 19 may 2021-ci il tarixində sərginin açılışı baş tutdu.
Sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinə məxsus şəxsi əşyalar, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş hərbi sursat qalıqları (cəmi 557 s.v.), 204 ədəd fotoşəkil nümayiş edildi.
Bərdə, Tərtər rayonlarına, Gəncə şəhərinə atılan raketlər erməni faşizminin, ölkəmizə qarşı təcavüzünü, eyni zamanda qarayaxmalarının həm gənc nəslə, həm də xarici turistlərə, siyasətçilərə və diplomatlara qonaqlara çatdırılması üçün tutarlı əşyayi-dəlillərdir. Beləliklə, bu vaxta qədər Qarabağın mədəni irsinin, tarixinin öyrənilməsində zəngin elmi baza olan Milli Azərbaycan Tarixi Muzeyi öz kolleksiyasını zənginləşdirdi və gələcək nəsillərə Qarabağ müharibəsi tarixinin çatdırılması, eyni zamanda tədqiqatçılara maddi dəlil bazası yaradılması sahəsində də çox önəmli iş görmüş oldu. Bununla belə, muzey kollektivi Qarabağın tarixi və mədəniyyətinin təbliği, tədqiqi sahəsindəki fəaliyyətini dayandırmır, bu sahədə növbəti tədbirlərin yerinə yetirilməsini planlaşdırır. Növbəti illərdə Şuşanın 270 illiyinə həsr olunmuş sərgi və kataloqun nəşri, Qarabağın görkəmli şəxsiyyətlərinə məxsus materialların kataloqlaşdırılması, Qarabağın tarixi və mədəniyyətinə həsr olunmuş respublika elmi konfransının keçirilməsi, Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün kataloqların və xatirə kitablarının hazırlanması, “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq” layihəsi çərçivəsində görüşlərin, seminarların, dəyirmi masaların, şagirdlərin yaradıcılıq işləri müsabiqələrinin keçirilməsi, “Qarabağın maddi və mənəvi mədəniyyəti” layihəsi çərçivəsində elmi seminarların, dərslərin və kvestlərin təşkili və s. fəaliyyətlər nəzərdə tutulur.
Muzey işinin ən önəmli istiqamətlərindən biri toplama işi və muzey kolleksiyasının zənginləşdirilməsidir. Qarabağın işğalından keçən bütün dövr ərzində muzey rəhbərliyi şəhid, qazi materialları ilə yanaşı, bölgənin mədəni irsinə, tarixinə aid materialların toplanmasına da çox böyük önəm vermiş, xeyli maddi mədəniyyət nümunəsinin əldə olunmasına nail olmuşdur. Beləliklə, bu vaxta qədər Qarabağın mədəni irsinin, tarixinin öyrənilməsində zəngin elmi baza olan Milli Azərbaycan Tarixi Muzeyi öz kolleksiyasını 30 illik münaqişə dövründə də zənginləşdirdi və gələcək nəsillərə Qarabağ müharibəsi tarixinin çatdırılması, eyni zamanda tədqiqatçılara maddi dəlil bazası yaradılması sahəsində çox önəmli iş görmüş oldu. Bu materiallar Qarabağın maddi-mənəvi mədəniyyətinin mühüm göstəricisi kimi çox böyük önəm daşıyır və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycan tarixi və mədəni irsinin öyrənilməsində, Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı mübahisəli məsələlərin həllində tutarlı faktik materiallar kimi istifadə olunur və olunacaqdır.