XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
16 Dekabr, 2021
Muzeyin qocaman əməkdaşının 80 illik yubileyi qeyd olundu

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri, Əməkdar mədəniyyət işçisi Rəna Səfərovanın 80 illik yubileyi qeyd olundu.

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və muzey əməkdaşları yubilyarı təbrik edərək ona can sağlığı və uğurlar arzulayıblar. Bildirilib ki, Rəna Səfərova 57 ilə yaxındır ki, muzeydə çalışır.

Rəna Səfərova 16 dekabr 1941-ci il Bakı şəhərində dünyaya gəlib. 16 sentyabr 1965-ci ildə Azərbaycan Tarixi Muzeyinin bələdçi vəzifəsinə işə qəbul olub. 1966-cı ildə isə kiçik elmi işçi vəzifəsində çalışıb. 1970-ci ildən muzeyin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri olan Rəna Səfərova muzey materialları əsasında 70-dən çox elmi məqalənin müəllifidir.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin nəfis tərtibatlı nəşrlərindən olan “Dost ellərin hədiyyələri” kataloqunun (Bakı, 2014, 172 s.) elmi redaktoru akademik Nailə Vəlixanlı, mətnin müəllifi isə Rəna Səfərovadır.

Qeyd edək ki, Hədiyyələr və xatirə əşyaları fondu 1955-ci ildə yaradılmış “Sovet dövrü” fondunun materiallarının bir qismi əsasında 2000-cu ildə təşkil olunmuşdur. Hazırda fondda 5665 ədəd eksponat mühafizə olunur. Fondda xarici ölkələrin 900-ə qədər hədiyyələri də qorunmaqdadır. Bunlar Azərbaycanın görkəmli şəxsiyyətlərinə məxsus xatirə əşyaları, Azərbaycan Respublikasına, onun müxtəlif təşkilatlarına və görkəmli xadimlərinə həm xarici ölkələr tərəfindən, həm də respublika daxilində müxtəlif münasibətlərlə verilmiş hədiyyələrdir. Bu hədiyyələrə ayrı-ayrı ölkələrə məxsus incə zövqlə hazırlanmış təbrik ünvanları, kitablar, kiçik heykəllər, xalçalar, bəzəkli fiqurlar, rəngli tablolar, tətbiqi sənət nümunələri, gümüş, büllur və çini vazalar, güldanlar, milli geyimlər daxildir.

Rəna xanım ona göstərilən diqqətə görə müdiriyyətə minnətdarlığını bildirib, muzeydə işlədiyi müddət ərzində baş verən xoş xatirələri ilə bölüşüb. Muzeyin Həmkarlar Təşkilatı da yubilyarı təbrik edib, ona xatirə hədiyyəsi təqdim edib.

Sonda xatirə fotoları çəkildi.

Rəna xanıma 80 illik yubileyi münasibətilə can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.