XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
19 Dekabr, 2021
Məşhur rəssam Mikayıl Abdullayevin anadan olmasının 100 ili tamam oldu

19 dekabr 2021-ci ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Cəvahirləl Nehru Beynəlxalq Mükafatı laureatı ,professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur. Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1935-1939-cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi) Səttar Bəhlulzadənin sinfində, 1939-1949-cu illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda S.V.Gerasimov, V.V.Favorskaya, İ.İ.Çekmazovdan dərs alıb. Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir.

Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır.  

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda dahi rəssamın “Qələbə günü. 9 may 1945-ci il” və “Stalin adına zavodun fəhlələri cəbhəyə yanacaq göndərirlər” adlı iki əsəri, sənədli mənbələr fondunda isə əsərlərindən ibarət albom və  kataloq qorunur.  

Mikayıl Abdullayev 2002-ci il avqustun 22-də vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn olunub.