Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Məmmədəli qızı Vəlixanlının doğum günüdür.
Nailə Vəlixanlı 1940-cı il dekabr ayının 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. 1948-1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakultəsinin ərəb şöbəsində təhsil almışdır. Təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində əmək fəaliyyətinə başlamışdır.
1998-ci ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru olan Nailə Vəlixanlı 2007-ci il aprel ayında AMEA-nın həqiqi üzvü və vitse-prezidenti seçilmişdir.
Nailə Vəlixanlı Azərbaycanda tarix və şərqşünaslıq elmlərinin inkişafında, eləcə də muzeyşünaslıq sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür. 2018-ci ilin iyun ayında Nailə Vəlixanlı “Abbasqulu ağa Bakıxanov adına mükafat”la təltif olunmuşdur. 2018-ci ilin noyabr ayının 25-də İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti, 2019-cu ilin oktyabr ayının 17-də ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinə üzv seçilmişdir. Elə həmin ildə Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və beynəlxalq “Qızıl Ulduz” medalı ilə, daha sonra isə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Həmçinin 2021-ci il dekabrın 22-də dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Ərəb Xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi; orta əsr mənbələrinin tədqiqi, təhlili, nəşri; regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası; Azərbaycan tarixinə dair muzey materiallarının tədqiqi və s. ilə məşğul olan akademik Nailə Vəlixanlı bir sıra dəyərli monoqrafiyaların, elmi əsərlərin müəllifidir.
Xatırladaq ki, tarixçi alim Nailə Vəlixanlı 2020-ci ildə işğal altında olmuş ərzilərimiz uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı da öz əməyini əsirgəməmişdir. Belə ki, tədqiqatçı alim N.Vəlixanlı MDB ölkələri, Gürcüstan və Ukraynanın tarixçi-alimlərinə, həmçinin beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı tarix institutlarına və tarix profilli muzeylərinə erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğuna dair müraciət ünvanlamışdır. Həmçinin Vətən müharibəsi iştirakçılarının materiallarının toplanılması və qorunması məqsədilə muzeyin baş direktoru Nailə Vəlixanlının təşəbbüsü ilə muzeydə yeni Vətən müharibəsi fondu da yaradılmışdır.
Muzey kollektivi adından Nailə xanımı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, elmi yaradıcılığında, şəxsi və iş həyatında yeni uğurlar arzulayırıq!