XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
06 Yanvar, 2022
Bu gün görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anım günüdür

Bu gün- 6 yanvar  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mikayıl Müşfiqdir. Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynamışdır.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. M.Müşfiq bədii yaradıcılığa çox gənc yaşlarından başlamış, ilk şeiri 1926- cı ildə çap olunmuşdur. Qısa müddətli yaradıcılıq dövründə şairin on şeirlər kitabı çap olunmuşdur. M.Müşfiq qələmindən çıxmış bütün lirik şeirlər və poemalar yetkin sənət nümunələri olub, Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdir. Müasirlik, coşqun hisslər, yüksək ilham və həyat sevgisi bu əsərlərin əsas səciyyəsi, onları dəyərləndirən əlamətlərdir. M.Müşfiq maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyub. Nakam şairin lirikasının hər bəndi, hər misrası oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könülləri oxşayır, insanları yüksək hisslər, yüksək amallar aləminə aparır. M.Müşfiq lirikasının əzəməti də məhz bundadır!

Gələn il- 2023-cü il iyun ayının 5-də şair Mikayıl Müşfiqin 115 yaşı tamam olacaq. Xatırladaq ki, 17 may 2018-ci ildə şairin 110 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdı.

Sovet imperiyasının repressiya qurbanı olmuş Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib və 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.

Qeyd edək ki, görkəmli şair Mikayıl Müşfiqə aid təqdim olunan fotoneqativ Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materialları fondunda qorunur.