XƏBƏRLƏR
XƏBƏRLƏR -
Yubileylər
28 Yanvar, 2022
Muzey əməkdaşının 60 illik yubileyidir

Bu gün-28 yanvar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Baş mühafizi, tarix üzrə fəlsəfə doktoru, dosent, anti-sovet “İldırım” təşkilatının qurucularından olmuş mərhum Hacı Zeynalovun qızı Məhfuzə Zeynalovanın 60 yaşı tamam olur.

Zeynalova Məhfuzə Hacı qızı 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakıda 189 saylı orta məktəbdə, 1978-1982-ci illərdə Azərbaycan Pedaqoji İnstitutun Tarix fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra AEA SSRİ Xalqlarının Dostluğu Sarayında kiçik elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.  2002-ci ildə Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi, elə həmin ilin sonunda Baş mühafiz vəzifəsində çalışıb. 2009-cu ildə Elmi-fond işləri üzrə direktor müavini, 2021-ci ildən Fondların uçotu və təsnifatı şöbəsinin müdiri-baş mühafiz vəzifəsində çalışır.

M.Zeynalova muzey sahəsində fond işinin təşkilində,  tədqiqində, xüsusən fond materiallarının yerləşdirilməsi, sistemləşdirilməsi, onların elmi pasportlarının proqramlaşdırılmasında, eksponatların bərpa üçün seçilməsinin təşkilində çox işlər görmüşdür. O, həmçinin  yeni ekspozisiyanın qurulmasında, mövzu və elmi ekspozisiya planlarının hazırlanmasında yaxından iştirak edir.

1920-1950-cı illərin siyasi repressiya dövrünün qurbanlarının həyat və fəaliyyəti və XIX-XX əsrlərdə Azərbaycan və özbək xalqlarının tarixi əlaqələrinin tədqiqi ilə məşğul olan tarixçi-alim Məhfuzə Zeynalova 2018-ci ildə vətən tarixi üzrə dosent elmi adı almışdır.      

O, müxtəlif  ölkələrdə   muzey proqramları və sərgilər ilə bağlı  konqres və konfranslarda iştirak üçün xidməti ezamiyyətdə olmuşdur. M.Zeynalova yüksək elmi potensiala malikdir. O,  müxtəlif yerli və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələr və  monoqrafiya yazmış, kataloq və kitab- albomların hazırlanmasında iştirak etmişdir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) fəal üzvlərindəndir, muzey proqramları üzrə bir neçə beynəlxalq treyninqlərin iştirakçısıdır.

Məhfuzə Zeynalova Azərbaycanda tarix elminin inkişafı və tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görə   2005-ci ildə AMEA-nın Fəxri fərmanı, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2010-cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı, 2015-ci ildə isə muzey və elmi işində nailiyyətlərinə görə “Karl Faberje” (Rusiya) Memorial Fondunun gümüş ordeni ilə təltif olunmuşdur.

İşlədiyi müddətdə M.Zeynalova muzeyin həyatında fəal iştirak etmiş, özünü işini sevən bir işçi kimi tanıtmışdır. M.Zeynalova idarəçilik qabiliyyəti, yüksək tələbkarlığı, üzərinə düşdüyü vəzifəyə məsuliyyətlə yanaşması, həmkarlarına olan səmimi münasibəti ilə kollektivin hörmətini qazanmışdır.

Muzeyin kollektivi Məhfuzə xanımı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayır!