3 mart 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” (Bakı.Təhsil, 2021, 264 s.)adlı yeni kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açdı. Akademik müəllifi olduğu kitabın əhəmiyyətindən danışaraq, bildirdi ki, müxtəlifdilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu kitab tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilmişdir. N.Vəlixanlı qeyd etdi ki, tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddiaları, yanlış mülahizə və fikirləri təkzib olunmuşdur. Həmçinin müəllif kitabda həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlərinin də araşdırıldığını vurğuladı.
Sonra muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov çıxış etdi. Adı çəkilən kitabın elmi-nəzəri əhəmiyyətindən söz açan F.Cabbarov qeyd etdi ki, akademik Nailə Vəlixanlının Zəngəzur bölgəsinin VII-XII əsrlər dövrü tarixinə dair dəyərli tədqiqatı bu bölgənin bütövlükdə Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının tarixində xüsusi önəm daşıdığını bir daha təsdiq edir.
Daha sonra AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professoru Kərim Şükürov, akademik Nərgiz Axundova, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov, Elm Tarixi İnstitutunun direktoru, professor Məryəm Seyidbəyli, A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri, t.e.d. Tofiq Nəcəfli, Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyev kitabın ərsəyə gəlməsində Nailə Vəlixanlıya öz minnətdarlığını bildirdilər və bu kitabın rus, ingilis dillərində tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasını təklif etdilər.
Sonda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, t.ü.f.d. Bəxtiyar Sayılov çıxışında Nailə xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi. B.Sayılov həmçinin Azərbaycan tarixinin 300 mindən artıq dəyərli materiallarının qorunması və onların nəfis nəşrlər vasitəsilə tədqiqi və təbliğində 24 il ərzində muzeyə rəhbərlik edən Nailə xanımın xüsusi rolu olduğunu da vurğuladı.
Tədbirdə həmçinin AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun magistrantları da iştirak ediblər.