XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
17 Mart, 2022
Muzeydə "Üzeyir Hacıbəyli” və “Müslüm Maqomayev” adlı yeni kataloqların tədimat mərasimi keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin kolleksiyası əsasında işıq üzü görmüş "Üzeyir Hacıbəyli” (Bakı, “Təhsil”, 2021, 104 səh.)  və  “Müslüm Maqomayev” (Bakı, “Təhsil”, 2021, 104 səh.) adlı yeni kataloqların təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, qonaqları salamladı və çıxışçıları təqdim etdi.

İlk söz muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlıya verildi. Kataloqların həmmüəlliflərindən biri olan Nailə Vəlixanlı qeyd etdi ki, təqdim olunan kataloqlar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkarların- Müslüm Maqomayevin və Üzeyir Hacıbəylinin xatirəsinə bir töhfə kimi hazırlanmışdır.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunun müdiri Rəna Səfərova çıxış etdi. R.Səfərova həmmüəllifi olduğu kataloqların əhəmiyyətindən danışaraq, bildirdi ki, bu kataloqlar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edir. Kataloqda muzeyin Hədiyyələr və Xatirə Əşyaları, Sənədli Mənbələr və Foto-neqativ Materialları, Etnoqrafiya, Təsviri Materiallar, Köməkçi Tarixi Fənn Materialları, Fotoneqativ materialları və Köməkçi Materiallar fondlarında qorunan M.Maqomayev və Ü.Hacıbəyliyə aid ümumilikdə 485 ədəd eksponat haqqında ətraflı məlumat verilir.

Daha sonra Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov və Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova çıxış etdi. Qeyd etdilər ki, zəngin yaradıcılığı, Vətənə olan bağlılığı, sonsuz sevgisi ilə şöhrət qazanan dahi bəstəkarlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Tədbirdə həmçinin, Niyazinin Ev-Muzeyinin direktoru Rza Bayramov, Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sonda tədbir bədii hissə ilə davam etdirildi. Ş.Ələkbərova adına 20 saylı Onbirillik Musiqi Məktəbinin konsertmeysterləri- N.İsayeva və S.Əliyevanın müşayiəti ilə 10-cu sinif şagirdi V.Məmmədov tarda M.Maqomayevin “Radio marşı”nı,  “Kamerton” violin çalanlar ansamblı isə Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa etdilər.