XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
15 Aprel, 2022
Muzey əməkdaşının kitabı Dubayda nəşr olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyevanın “Azərbaycanda islam mədəniyyəti (VII-XIII əsrin əvvəlləri)” (Dubay, “İrs nəşriyyat evi”, 2022, 462 səh.ərəb dilində) adlı yeni kitabı işıq üzü görüb.

Ərəbdilli  oxucuların diqqətinə təqdim olunan kitabda Azərbaycanda islam mədəniyyətinin yayılması, inkişafı mərhələlərə ayrılaraq tədqiq edilmiş, bu prosesdə xəlifələrlə bərabər Azərbaycan və azərbaycanlıların mövqeyi açıqlanmış, azərbaycanlı ziyalıların Xilafətin idarəetmə strukturlarındakı fəalliyyəti, mədəniyyət mərkəzləri ilə elmi-mədəni əlaqələri, 30-dan çox mədrəsəsində yerli müdərrislərin fəalliyyəti və Azərbaycanda müsəlman monumental tikililəri və s. haqqında ətraflı məlumat verilib.

N.A.Əliyeva tədqiqatın gedişində VII-XIII əsrlərdə yazılmış ərəbdilli yazılı qaynaqlarda Azərbaycanla bağlı olan mötəbər mənbələrə müraciət etmişdir.

Məhz mədəniyyət tariximizin elmi nailiyyətlərlə zəngin olan orta əsrlər dövrünə həsr olunan monoqrafiya ərəb - Azərbaycan elmi-mədəni əlaqələrinin tədqiqi baxımından əhəmiyyətlidir və bu əlaqələrin gələcək inkişafına da töhfə verəcəkdir.