Yanvarın 30-da “Libraff” kitab mağazasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovun məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş “Səxavət dünyasının sərvəri” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirin əvvəlində çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, araşdırmalar nəticəsində aşkarladığı yeni, maraqlı faktlar haqqında danışıb. O, qeyd edib ki, yeni kitab Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyənin 9 arxivində qorunan sənədlər, dövri mətbuat materialları əsasında yazılıb və bəzi faktlar ilk dəfə oxuculara təqdim olunur. Təqdimat mərasimində çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı, professorlar Ədalət Tahirzadə və Solmaz- Rüstəmova-Tohidi, jurnalist-araşdırmaçı Rahib Azəri yeni kitabın məziyyətləri haqqında danışaraq, əsərin təkcə H.Z.Tağıyevin fəaliyyətini öyrənmək üçün deyil, həm də o dövr Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaratmaq üçün önəmini vurğuladılar.