
"Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası" adlı yeni kataloqun (Bakı: "Aspoliqraf", 2024, 216 səhifə) müəllifi Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva, elmi redaktoru isə həmin şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovadır.
Kataloqda muzeyin Etnoqrafiya fondunda qorunan, fərqli tərtibat, dizayn xüsusiyyətləri ilə seçilən XVI–XIX əsrlərə aid çini və saxsı məişət məmulatları təqdim edilir. Sözügedən nəşrdə Azərbaycanın müxtəlif bölgələrində və xarici ölkələrdə— Çin, Yaponiya, İngiltərə, Fransa (Limoj), Ukrayna ("Baranovka", "Qorodnitskiy"), Rusiyada ("Qardner", "Kuznetsov", "Safronov", "Popov") istehsal olunmuş 500-dən artıq nümunə yer alır. Kataloqda qədim məişət əşyaları— kuzə, küp, nimçə, çıraq və digər məmulatlar funksional və dekorativ xüsusiyyətlərinə görə təsnif edilib. Təqdim olunan əşyalar həm şirli, həm də şirsiz olmaqla, əsasən cızma və qabartma texnikası ilə bəzədilmişdir.
Yeni nəşr həm elmi tədqiqatçılar, həm də sənət və etnoqrafiya sahəsinə maraq göstərən oxucular üçün əhəmiyyətli mənbədir.