XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
01 Aprel, 2021
Muzey əməkdaşları beynəlxalq elmi seminarda iştirak ediblər

31 Mart 2021-ci il tarixində Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu (Özbəkistan) tərəfindən "Müasir Muzeyşünaslığın Problemləri: Elm, Təhsil, Təcrübə" mövzusunda beynəlxalq elmi seminar keçirilib. Seminar ZOOM platforması üzərindən onlayn baş tutub. Seminarda Özbəkistan, Azərbaycan və Türkiyənin muzey nümayəndələri iştirak ediblər.

Seminar açıq elan edildikdən sonra AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı seminar iştirakçılarını salamlayıb. İlk öncə Muzeylərin aktual problemlərindən söz açan N.Vəlixanlı qeyd edib ki, muzeyşünaslıq geniş mənada muzey məsələləri ilə bağlı olan elmi-tədqiqat işlərini də özündə ehtiva edir. N.Vəlixanlı bu istiqamətdə Muzeyin elmi işçilərinin də elmə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Akademik N.Vəlixanlı çıxışında vurğulayıb  ki, muzeyşünaslıq təcrübəsində diqqətçəkən məqamlardan biri də ekspozisiyaların estetik xüsusiyyətləri, onların muzey mühiti ilə düzgün əlaqələndirilməsi, ekspozisiya-interyer münasibətlərinin öyrənilməsi problemidir.

31 mart 1918-ci il azərbaycanlıların soyqırımı barədə ətraflı məlumat verən akademik daha sonra 44 günlük Vətən müharibəsi və Azərbaycan Respublikasının zəfər çalması ilə bağlı geniş məlumat verib. Bu münasibətlə Muzeydə yeni Vətən müharibəsi fondunun yaradılmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb, fondun əhəmiyyəti barədə ətraflı çıxış edib. Sonda akademik N.Vəlixanlı Azərbaycan və Özbəkistan əlaqələrindən söz açaraq Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirdiyini xüsusi vurğulayıb.

Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva “Müasir muzeyşünaslıqda beynəlxalq sərgilərin təşkili problemləri” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ilə əlaqədar çıxış etdikdən sonra N.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyi haqda iştirakçılara məlumat verib. Qeyd edib ki, hazırda Muzey iki ən vacib məsələni yerinə yetirir, həm ekspozisiyanın yenidən qurulması və “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üzərində iş gedir. N.Əliyeva onu da qeyd edib ki, muzeyin yeni inkişaf mərhələsinə qədəm qoyaraq tarix elminin son nailiyyətlərinə və müasir muzeyşünaslıq prinsiplərinə əsaslanan ekspozisiyası yaxın müddətdə ziyarətçilərin ixtiyarına veriləcək. Həmçinin N.Əliyeva iştirakçılara muzeyin yeni dizaynda hazırlanmış saytı haqqında məlumat verib.

Daha sonra Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev "Muzey ekspozisiyası tarixi yaddaşın qorunması vasitəsi kimi" mövzusunda məruzə edib. Tədqiqatçı alim 31 mart 1918-ci il azərbaycanlıların soyqırımı barədə danışdıqdan sonra mövzu ilə əlaqədar çıxış edib. O, qeyd edib ki, muzeylər cəmiyyətin inkişafında, maddi-mənəvi irsin və eləcə də xalqın tarixi yaddaşının qorunub saxlanmasında mühüm rol oynayır.