XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
29 May, 2025
Beynəlxalq elmi-mədəni əməkdaşlıq çərçivəsində akademik Yusif Məmmədəliyevə həsr olunmuş sərgi keçirilib

Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Geologiya, Neft və Qaz Muzeyində Azərbaycan xalqının görkəmli neft-kimyaçı alimi, akademik, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq sərginin açılış mərasimi keçirilib. Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin təşəbbüsü və koordinatorluğu ilə, Rusiya Federasiyasının Geologiya, Neft və Qaz Muzeyi (Xantı-Mansiysk),Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Y.H. Məmmədəliyevin Memorial Ev-Muzeyi (Bakı) və Ordubadda yerləşən Ev-Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Sərginin uğurla təşkili məqsədilə muzeylər və elmi institutlarla əvvəlcədən danışıqlar aparılıb, əməkdaşlıq üzrə razılaşmalar əldə edilib və təşkilati işlər koordinasiya olunub. Nəticə etibarilə, Milli Azərbaycan Tarixi Muzeyinin arxiv və fond materialları əsasında sərgi üçün seçilmiş 50 ədəd eksponat və sənəd nümunəsi qarşı tərəfə təqdim olunub. Eyni zamanda, Azərbaycan və rus dillərində nəşr olunacaq sərgi kataloqu üçün məlumatlar hazırlanaraq tərəfdaşlara göndərilib.

Sərginin açılış mərasimində muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev iştirak edib. Ezamiyyə çərçivəsində F.Ağayev 3 gün ərzində sərgidə nümayiş olunan materiallar üzrə ətraflı şərhlərlə çıxış edib,  tədbirdə iştirak edən qonaqlara Yusif Məmmədəliyevin elmi fəaliyyəti, neft-kimya sənayesinə verdiyi töhfələr və onun Azərbaycanın elmi tarixində tutduğu yer haqqında geniş məlumat verib.

Sərginin yüksək peşəkarlıqla təşkil olunması və ictimai əhəmiyyəti Geologiya, Neft və Qaz Muzeyinin rəhbərliyi tərəfindən xüsusi qeyd olunub. Sərgidən bir neçə gün sonra həmin muzeyin direktoru A.V. Pankov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya və muzeyin Beynəlxalq əlaqələr və ictimaiətlə iş şöbəsinin müvafiq əməkdaşlarına təşəkkür məktubu ünvanlanıb. Məktubda sərgi layihəsinin həyata keçirilməsində göstərilən təşəbbüskarlıq, elmi əsaslı yanaşma və təşkilati peşəkarlıq yüksək dəyərləndirilib.

Bu beynəlxalq layihə hər iki ölkənin muzeyləri arasında elmi-mədəni əlaqələrin inkişafına və ortaq irsin qorunmasına xidmət etməklə yanaşı, Azərbaycanın görkəmli şəxsiyyətlərinin dünya miqyasında tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.