ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampol), direktor müavini Kara Meqan Lyuis (Cara Megan Lewis), İdarə Heyətinin üzvləri və muzeyin digər nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Vende Muzeyi Soyuq müharibə dövrünün tarixi və mədəni irsinə həsr olunmuş muzey kolleksiyası, arxiv və mədəniyyət mərkəzini özündə birləşdirir.
Səfər zamanı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin tarixi ekspozisiyası ilə tanış olublar. Ekskursiya zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid maddi-mədəni irs nümunələri və muzeyin zəngin kolleksiyası haqqında məlumat verilib. Ekskursiyanı «Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili» şöbəsinin ekskursiya rəhbəri Ayxanım Xəlilova aparıb.
Daha sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin Memorial Muzeyinə baş çəkiblər. Burada Tağıyevin yaşayış otaqlarının dövrün xüsusiyyətlərini əks etdirən bərpa edilmiş interyerləri ilə tanış olublar. Ekskursiya zamanı görkəmli xeyriyyəçinin həyatı və fəaliyyəti, sahibkarlıq, xeyriyyəçilik və maarifçilik sahəsində gördüyü işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Vende Muzeyinin nümayəndə heyəti ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı arasında görüş keçirilib. Görüşdə muzeylərarası əlaqələrin inkişafı və beynəlxalq mədəni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda akademik Nailə Vəlixanlı qonaqlara Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərindən ibarət xatirə hədiyyələri təqdim edib. Castin Cempol isə muzeyin Fəxri qonaqlar kitabında xatirə qeydi yazıb.