XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
22 May, 2026
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunmuş “Bir Həqiqət” adlı beynəlxalq dəyirmi masada iştirak edib.

Tədbir çərçivəsində Şəfa Mövsümov “Müasir Azərbaycan tarixşünaslığında 1941–1945-ci illər müharibəsi ilə bağlı yeni tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. O, təqdimat zamanı 1941–1945-ci illər müharibəsində iştirak etmiş həmvətənlərimizə aid muzey eksponatları, sərgilər və nəşr olunmuş kataloqlar haqqında məlumat verib, həmçinin iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Rusiya, Belarus, Moldova, Tacikistan, Türkmənistan, Qırğızıstan və Tailanddan 30-a yaxın nümayəndənin qatıldığı beynəlxalq forum çərçivəsində Leninqrad Blokadasının Yarılması Muzeyi, Leninqradın Blokadası və Müdafiəsi Dövlət Memorial Muzeyi, “Sinyavinski yüksəkliyi” memorial kompleksi, Ladoqa gölü sahilində yerləşən “Həyat yolu” memorial abidəsi və digər tarixi məkanlara ekskursiyalar təşkil olunub. Forum iştirakçıları, həmçinin aparıcı alimlərin, tarixçilərin və mütəxəssislərin mühazirələrini dinləyiblər.

Səfər zamanı Şəfa Mövsümov 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən Kirovski rayonunda Leninqradın azad olunması uğrunda həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.