Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və təhsil istiqamətində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Memoranduma əsasən, tərəflər arasında alim və mütəxəssislərin qarşılıqlı mübadiləsinin, təcrübə proqramlarının, elmi konfrans, seminar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Əməkdaşlığın əsas istiqamətlərindən biri də muzey kolleksiyalarının idarə olunması, qeydiyyatı və sənədləşdirilməsi, mühafizəsi və saxlanılması sahəsində peşəkar təcrübənin bölüşülməsidir.
Sənəd həmçinin birgə elmi və maarifləndirici layihələrin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əsas yaradır.
Memorandum Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Yergaziyeviç Dakenov tərəfindən imzalanıb.
Əməkdaşlıq memorandumunun imzalanması Azərbaycan və Qazaxıstanın muzeyləri arasında beynəlxalq əlaqələrin və peşəkar əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.