18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxıstan Respublikasının Milli Muzeyinin təşkilatçılığı ilə “Tarixi-mədəni irsin qorunması: innovasiyalar və rəqəmsal transformasiya” mövzusunda IV Beynəlxalq Qazaxıstan Muzey Konqresi keçirilib.
Konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin Fondların qeydiyyatı və elmi təsnifatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “О современной оцифровке монет Фонда Нумизматики Национального Музея Истории Азербайджана” (“Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan sikkələrin müasir rəqəmsallaşdırılması”) mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə Milli Azərbaycan Tarixi Muzeyinin yaranma tarixi və Numizmatika fondunun fəaliyyət istiqamətləri, fond materiallarının keçmiş və müasir dövrdə qeydiyyatı prosesi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, fond sikkələrinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən işlər və gələcək perspektivlər barədə danışılıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, muzey işi və rəqəmsal texnologiyaların tətbiqi sahəsində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.