20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpozium Qazax Milli Qızlar Pedaqoji Universiteti, Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və digər elmi müəssisələrin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyə, Şimali Kipr, Albaniya, Moldova, İraq, Hindistan, Rusiya, Şimali Makedoniya, Nigeriya, Cənubi Koreya, Tayland və digər ölkələrdən 100-dən artıq alim və tədqiqatçı canlı və onlayn formatda elmi məruzələrlə çıxış edib. Simpozium çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Elmi Fond Şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva “Azərbaycanda sualtı arxeologiyanın ortaya çıxartdığı Səlcuqlu mirası: yazılı keramika sənəti” mövzusunda türk dilində onlayn məruzə ilə çıxış edib. Məruzə Muzeyin Arxeologiya fondunda mühafizə olunan, orta əsrlərdə Xəzər sahilində yerləşmiş və sonradan su altında qalmış Bəndovan abidəsində aparılan sualtı arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika nümunələri üzərindəki epiqrafik yazıların ilkin elmi araşdırılmasına həsr olunub. Mövzu simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında geniş müzakirələr aparılıb və suallar ətraflı cavablandırılıb.
Tədbir çərçivəsində gələcək birgə elmi tədqiqatların aparılması, nəticələrin nəşri, həmçinin türk-islam sənətinə aid mədəni irsin konservasiyası və restavrasiyası sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.