XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
06 Aprel, 2021
Muzeydə hərb tarixinə dair yeni kitabın təqdimatı keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan hərb tarixinə həsr olunmuş yeni kitab təqdimatı keçirilib. Tədbir pandemiya ilə əlaqədar tələbləri nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilib.

Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d., dosent Səbuhi Əhmədov, hərb tarixçisi Yusif Ağayev və bir sıra qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Əhmədov bildirib: "I Qarabağ müharibəsi iştirakçısı, hərb tarixçisi Yusif Ağayev tərəfindən yazılmış kitab ““Koroğlu” xalq dastanında Azərbaycan xalqının hərb sənəti” (“Военное искусство азербайджанского народа в народном эпосе «Кёроглу»”. Bakı, “Qanun” nəşriyyatı, 2021) adlanır. Kitabın ərsəyə gəlməsində məqsəd “Koroğlu” dastanında hərb tarixinin araşdırılması və tədqiqidir. Kitabın təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi təsadüfi deyil, belə ki, kitabda fotolar arasında Muzeyin Silahlar və Bayraqlar fondunda qorunan bir sıra eksponatların fotoları da öz əksini tapır. Kitaba ön sözü isə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qeyd edib. Dastanda verilmiş məlumatlar dövrün yazılı mənbələri, muzey materialları ilə tutuşdurulub, həmçinin tədqiqata geniş elmi ədəbiyyat cəlb edilib"

Daha sonra hərb tarixçisi Yusif Ağayev müəllifi olduğu kitab haqqında əlavə məlumatlar verib. Müəllif qeyd edib ki, təqdim edilən kitabda XVI əsrin sonu - XVII əsrin əvvəllərində yaradılmış dastan əsasında dövrün hərb sənətinin müxtəlif aspektləri araşdırılır. 192 səhifə həcmi olan kitabda dövrün strategiya və taktikası, qoşunların toplanması və təlimi, maddi-texniki təminatı, kəşfiyyatı, yürüş və döyüş düzülüşləri, silahları təhlil olunur. Sonda Y.Ağayev Azərbaycan ordusunun 44 günlük müharibəsindən də söz açdı, ordumuzun qələbə qazanması hərb tariximizin şanlı zəfəridir deyə xüsusi vurğuladı. Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçənlərə (kompüter dizayner Emin Dadaşov, Muzeyin bərpaçı rəssamı Əjdər Qafarov) xüsusi təşəkkürünü bildirdi. Kitabın elmi redaktoru t.ü.f.d., dosent Səbuhi Əhmədov, hərbi məsləhətçisi general-leytenant Talıb Məmmədovdur.

Sonda tədbir işrirakçıları müəllifi təbrik ediblər.