Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Dövlət Tarixi Muzeyinin təşkilatçılığı ilə "Müasir dövrdə muzeyşünaslığın aktual problemləri" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Zoom platforması üzərindən onlayn baş tutan konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Koreya, Yaponiya, Qırğızıstan və Qazaxıstanın muzey nümayəndələri iştirak ediblər.
Konfrans açıq elan edildikdən sonra AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfrans iştirakçılarını salamlayıb. İlk olaraq Milli Azərbaycan Tarixi Muzeyi haqqında ətraflı məlumat verən akademik N.Vəlixanlı Muzeyin fondları, laboratoriyası, kitabxanası və gələcək fəaliyyəti barədə geniş çıxış edib. Həmçinin muzey materialları əsasında hazırlanan kitablar, jurnallar, kataloqların tədqiqatçılar üçün əhəmiyyətindən danışıb. Akademik Nailə Vəlixanlı bu kimi konfransların ölkələrin gələcək həm elmi, həm də muzey fəaliyyətinin müzakirəsində, muzey əlaqələrinin genişləndirilməsində uğurlu olacağını xüsusi vurğulayıb. Sonda konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva “Muzey tarixin ən mühüm məqamlarını əks etdirən vasitə kimi” mövzusunda məruzə ilə çıxış edib. N.Əliyeva ilk olaraq Ramazan ayı münasibətilə konfrans iştirakçılarını təbrik edib. Daha sonra Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi barədə ətraflı çıxış edən tədqiqatçı alim 44 günlük müharibədə Azərbaycanın Zəfər çalmasını xüsusi vurğulayıb. Mövzu barədə çıxış edən N.Əliyeva qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyində tədqiqatlar nəticəsində əldə edilmiş və Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair mənbələrə əsaslanan arxeoloji, etnoqrafik, numizmatik, sənədli materiallar və maddi mədəniyyət nümunələri nümayiş olunur. Muzeydə tədqiqat xarakterli mövzular müəyyənləşdirilərkən Azərbaycanın qədim və orta əsrlər tarixinin bütün aspektləri nəzərə alınır. Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişaf tarixinə, maddi və mənəvi mədəniyyətin davamlılığına, təkmilləşdirilməsinə və yenilənməsinə üstünlük verilir. Həmçinin Muzeydə yeni yaradılan Vətən müharibəsi fondu və fondda mühafizə olunan II Qarabağ müharibəsi şəhidləri və qazilərinin şəxsi əşyaları barədə məlumat verən N.Əliyeva vurğulayıb ki, hazırda ekspozisiyanın yenidən qurulması ilə paralel olaraq “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisi də hazırlanır. Qeyd edib ki, bu, Muzeydə son illərdə müharibəyə həsr olunmuş üçüncü sərgidir.
Növbəti çıxışda Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Teymurilər imperiyasının sikkələri” mövzusunda məruzə edib.
Sonda Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Ləman Musayeva “Pandemiya dövründə Milli Azərbaycan Tarixi Muzeyinin virtual layihələrinin nailiyyətləri” mövzusunda çıxış edib.