XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 May, 2021
Muzeydə ”Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır“ layihəsi davam edir

18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində muzeyin könüllülərinin Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinə eskskursiyasını təşkil edib. Ziyarətçilər muzeyin direktoru Türkanə Nuriyeva və digər əməkdaşlar tərəfindən hörmətlə qarşılandı. S.Ələkbərova muzey əməkdaşlarına klub üzvləri və klubun həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, 18 may tarixində Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinə ziyarətin bir təsadüf olmadığını, 1992- ci ilin 18 may tarixinin bütün laçınlılar kimi onun da yaddaşına qara şiriftlərlə həkk edildiyini vurğuladı. O, bu illər ərzində 18 may tarixinin Laçın rayonunun anım günü kimi qeyd edildiyinə görə peşə bayramının bayram əhval-ruhiyyəsi ilə keçmədiyini, bu gün həmkarları ilə birgə Laçın tarixini yüksək həvəslə yenidən vərəqləmək üçün bu muzeyi xüsusi olaraq seçdiklərini qeyd edib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusunun işğal etdiyi bütün torpaqlarımız, o cümlədən Laçın rayonu işğalçılardan azad edilmişdir. Məhz bu gün gənc muzeyşunasların həm 18 may - Beynəlxalq Muzeylər Günü, həm də Laçının azad olunması münasibətlə Laçın muzeyinə ziyarəti seçmələri xüsusi əhəmiyyət kəsb edib. Qeyd edək ki, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə yaradılmışdır. İşğaldan qabaq muzeydə 10 minə yaxın eksponat nümayiş etdirilirdi. 18 may 1992-ci il tarixində Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Əhməd Rəcəbli küçəsi, 5 “B” ünvanında Əliş Quliyev adına 2 nömrəli Bakı Peşə Məktəbinin tədris korpusunun 2-ci mərtəbəsində ayrılmış sinif otağında bərpa etmişdir. Əsasən toplama işi ilə məşğul olan muzey əməkdaşları, muzeyin fonduna əksəriyyəti XIX əsrə aid olan, xüsusilə bölgənin tarixini özündə əks etdirən çoxlu sayda əşya toplamışlar. Muzeyi ziyarət zamanı “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında bir çox muzeylərdə olan gənc muzeyşünaslar burada tamamıilə fərqli muzey mənzərəsi ilə rastlaşdılar. Gördükləri mənzərə gənc muzeyşünaslarda təssüf doğursa da onları maraqlandıran suallar ətraflı cavablandırıldı. Muzeyin direktoru Türkanə xanım artıq muzeyin doğma ünvanda bərpa ediləcəyi günün uzaqda olmadığını, bundan ruhlanaraq Laçının tarixini , mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən əşyaların axtarışını davam etdirdikləri qeyd etdi. Sonda S.Ələkbərova Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşrlərini Türkanə Nuriyevaya təqdim edib və bu dar məkanda onları geniş ürəklə qarşıladıqları üçün gənc muzeyşünaslar və öz adından onlara öz təşəkkürünü bildirib.