XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
22 Avqust, 2021
Muzeydə görkəmli pedaqoq Teymur bəy Bayraməlibəyova və ailəsinə aid materiallar saxlanılır

Milli Azərbaycan Tarixi Muzeyi Sənədli mənbələrin elmi fond şöbəsində 329, 455, 526, 530, 622, 624 saxlama vahidində Teymur bəy Bayraməlibəyovun (1862-1937), qızları Məryəm xanım və Təhminə xanım Bayraməlibəyovanın şəxsi materialları qorunub saxlanılır.

Burada onun rus dilinə yazdığı əlyazmaları da mühafizə edilir. Muzeyin fondunda Teymur bəy Bayraməlibəyovun 1899-cu ildə böyük rus şairi Puşkinin 100 illiyi münasibəti ilə yazdığı məlumat xarakterli əlyazması, “Fətəli şah və onun tarixi”, “Abbas Murzə haqqında türk xalq əfsanəsi”, “Makedoniyalı İsgəndər haqqındafars tarixi əfsanəsi”, “Buzovna ilanları haqqında türk xalq inancları”, “Böyük Şah Abbas və onun birinci vəziri Allahverdi xan haqqında türk əfsanəsi”, “Azərbaycan qızlarının fala baxması haqqında”, Teymur bəy Bayraməlibəyovun Qafqaz canişininə Lənkəran sakinləri tərəfindən ünvanlanmış ərizəsi, Teymur bəyin Qafqaz canişinliyinə Lənkəran qəzasına dəmir yolunun çəkilməsi haqqında ərizəsi, T. Bayraməlibəyovun qızı Məryəm xanıma göndərdiyi məktubu, T. Bayraməlibəyovun Zəngəzur qəzasında kəndlilərin maarifləndirilməsi işində iştirak etmək üçün Xalq Maarif komissarı D. Dünyatzadəyə göndərdiyi məktub, Məryəm xanım Bayraməlibəyovanın Moskvada keçirilən müəllimlərin I ümumittifaq qurultayı və N.K.Krupskaya ilə görüş haqqında məlumatı, Moskva şəhərində keçirilən ümumittifaq müəllimlər qurultayında çıxışı və s. sənəd və əsərləri qorunub saxlanılır. Bununla yanaşı fondda T.Bayraməlibəyovun özünə, ailəsinə aid çoxlu sayda sənəd və fotoşəkillər də mövcuddur.

Qeyd edək ki, T.Bayraməlibəyov 22 avqust 1862-ci il tarixində keçmiş Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olub. Kənd mollaxanasında, Lənkərandakı ikisinifli rus məktəbində, Tiflisdəki feldşer məktəbində və Qori müəllimlər seminariyasında təhsil almışdır. 1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı ikisinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. Maneələrdən qorxmadan həmvətənlərini avamlıq və cəhalətdən qurtarmaq üçün yollar axtarır, üzləşdiyi çətinliklərə qarşı mübarizəsini davam etdirir. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşür, onların “sən özün kafirsən, bizim də balalarımızı kafir, allahsız etmək istəyirsən” kimi təhqirlərinə baxmayaraq, həvəsdən düşməyir, təhsilin, elmin əhəmiyyətini insanlara başa salır. O, azərbaycanlı uşaqları məktəbə cəlb etmək məqsədilə 1884-cü ildə yaratdığı “Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə ikisinifli məktəbi bitirən və orta məktəbə daxil olmaq istəyənlərə “Xeyriyyə cəmiyyəti” yol xərci ödəyir və digər köməkliklər edirdi. Cəmiyyət özünü şagirdlərin səhnələşdirdiyi əsərlərin bilet satışından yığılan pulla maliyyələşdirirdi. T. Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin “Hacı Qara”, N.Nərimanovun “Dilin bəlası”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesləri, Ə.Haqverdiyevin “Kimdir müqəssir”, S.Qənizadənin “Axşam səbri xeyir olar” əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.

T.Bayraməlibəyovun xalqımızın tarixi, etnoqrafik irsi ilə bağlı qələmə aldığı bu əsərlər çox dəyərlidir. Bu əsərlərdə əhalinin maariflənməsinə xüsusi diqqət yetirən Teymur bəy bütün həyatı boyu cəmiyyətin inkişafı naminə gənc nəslin oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini vacib saymış və yerlərdə məktəblərin açılması uğrunda mübarizə aparmışdır.
Mübarizələrlə dolu mənalı həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadim T.Bayraməlibəyovun həyat və yaradıcılığı Muzeydə qorunan fond materiallarında geniş əks olunur və daim təbliğ, tədqiq olunmalıdır.